Azərbaycan, Bakı, 05 noyabr/ Trend / Bolqarıstanlı mütəxəssis Mariana Vasileva Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi vəzifəsinə təyin edilib. Bu barədə qərar Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
35 yaşlı Mariana Vasileva əvvəllər Azərbaycanın qrup komandası ilə işləyib və kifayət qədər yüksək nəticələr əldə edib: onun rəhbərliyi altında kollektiv Pekin Olimpiadasının və Türində keçirilmiş Avro-2008-in finalına çıxıb.
Azərbaycanın Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov yeni baş məşqçini təqdim edərək "məşqçi körpücüyündəki dəyişikliklərin təzə ideyalar, yeni zövq və daha yüksək nəticələrin əldə olunması ilə əlamətdar olacağına" ümidini ifadə edib.
Vasileva təyinatdan dərhal sonra Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti üçün müsahibədə bildirib ki, onun üçün Azərbaycan kimi ölkənin yığmasının baş məşqçisi olmaq böyük şərəfdir. "Mənim üçün bu həm də böyük məsuliyyətidr və ümidləri doğrultmağa çalışacağam. İşə həm məşqçi, həm də gimnastlardan ibarət həmfikirlər yığmasını yaratmaqdan başlayacam", - o bildirib.
Məşqçi korpusunda bolqarıstanlı baş məşqçinin köməkçilərindən biri məşhur azərbaycanlı gimnast Dinara Gimatova olacaq. Azərbaycanın dünya arenasındakı ilk uğurları məhz onun adı ilə bağlıdır. "Mənim digər assistentlərin yerli mütəxəssislər olacaq. Ölkənin yığmasının məşq yeri kimi Olimpiya İdman Kompleksindəki zal seçilib. Federasiya tərəfindən burada hərtərəfli məşqlər üçün hər bir zəruri şərait yaradılıb. Bizə isə işləmək və bunu nəticələrimizlə sübut etmək qalır", - Vasileva bildirib.
Yeni məşqçinin prinsipial mövqeyi ondan ibarətdir ki, yığmaya ölkənin ən yaxşı gimnastları cəlb ediləcək. "Ölkənin maraqları şəxsi maraqlardan üstün olmalıdır - mənim peşəkar əqidəm belədir", - baş məşqçi bildirib.
Bundan əlavə, Federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə texniki məsələlər üzrə komissiya yaradılıb. Onun tərkibinə Federasiyanın Baş katibi Fərid Qaibov, Bakı Gimnastika Məktəbinin direktoru, tamblinq üzrə məşqçi Arif Qafarov, bədii gimnastika üzrə keçmiş baş məşqçi Valentina Ukleyna, idman gimnastikası üzrə məşqçi Rza Əliyev və akrobatik gimnastika üzrə məşqçi İradə Qurbanova daxil olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]