Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat üzrə yığma komandaları 38-ci Ümümdünya Şahmat Olimpiadasında iştirak etmək üçün dünən axşam Almaniyanın Drezden şəhərinə gedib. Bu barədə Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.
Ümümdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandasının heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov (əsas heyət) və Rauf Məmmədov (ehtiyat oyunçu) çıxış edəcək.
Kişilərdən ibarət Azərbaycan şahmat yığmasının baş məşqçisi Fikrət Fideyidzadədir.
Qadınlardan ibarət Azərbaycan yığmasının heyətində isə Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova, Nərmin Kazımova (əsas heyət) və Xəyalə İsgəndərova (ehtiyat oyunçu) mübarizə aparacaq.
Qadınlardan ibarət Azərbaycan şahmat yığmasının baş məşqçisi Anar Allahverdiyevdir.
Ümumdünya Şahmat Olimpiadası noyabrın 12-dən 25-dək davam edəcək.
Yarışlar İsveçrə sistemi üzrə keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]