Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir C.Babayeva/ Ukrayna uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.
"Ukraynada uşaqların hüquqlarının müdafiəsi sistemində, yetim uşaqların hüquqlarının müdafiəsi, milli övladlığa götürmənin dəstəklənməsi sahəsində miqyaslı islahatlar aparılır. 2009-cu il Ukraynada milli övladlığa götürmənin dəstəklənməsi ili elan edilib. Ukrayna bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır", - Ukraynanın ailə, gənclər və idman naziri Yuri Pavlenko cümə günü Bakıda jurnalistlərə bildirib.
Pavlenko ikigünlük səfərlə Bakıdadır. Səfərin məqsədi Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Ukraynanın Ailə, Gənclər və İdman Nazirliyi arasında Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri zamanı imzalanmış "Gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq proqramı"nın bəndlərinin müzakirəsidir.
"Yeni sistem hər bir uşağa internatda deyil, ailədə böyümək imkanı verir", - Pavlenko bildirib.
"Ukrayna həmçinin Azərbaycan uşaqlarının ölkənin sağlamlıq müəssisələrində sağlamlaşdırılmasına kömək etməyə hazırdır. Ukrayna azərbaycanlıları yayda Krımda "Artek", Odessada "Gənc qvardiya" düşərgələrinə qonaq olmağa dəvət edir", - nazir deyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]