Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-17) Avropa çempionatının (AÇ) birinci seçmə mərhələsindəki rəqibləri dekabrın 3-də məlum olacaq. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətinin məlumatına görə, 2010-cu ildə Lixtenşteyndə keçiriləcək AÇ-nin final mərhələsinə vəsiqə uğrunda birinci seçmə mərhələnin püşkatma mərasimi dekabrın 3-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
Birinci mərhələdə 52 komanda 13 qrupa bölünəcək.
U-17-nin 2009-cu ildə keçiriləcək AÇ-nin ikinci seçmə mərhələsindəki rəqibləri isə dekabrın 4-də məlum olacaq. Nyonda keçriləcək püşkatma zamanı 28 komanda 4 səbətə bölünəcək.
Artıq səbətlərin tərkibi də müəyyənləşib. Azərbaycan yığması 4-cü səbətdə yer alıb. 1-ci səbətdə yer alan İspaniya və Portuqaliya komandaları U-17-yə rəqib ola bilər.
İkinci mərhələnin oyunları 2009-cu ilin mart ayının 1-dən 9-dək keçiriləcək. 7 qrupda birinci yeri tutan komandalar AÇ-nin Almaniyada keçiriləcək final mərhəəsinə vəsiqə qazanacaq.
U-17-nin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]