...

Azərbaycan mətbuatının nümayəndələri QHT-lərin əksəriyyətinin konkret bir sahə üzrə ixtisaslaşmamasından narazıdırlar

Cəmiyyət Materials 27 Noyabr 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan mətbuatının nümayəndələri yerli Qeyri - Hökumət Təşkilatlarının (QHT) əksəriyyətinin konkret bir sahə üzrə ixtisaslaşmamasından narazıdırlar. "Media numayəndələri hesab edir ki, QHT-lərin konkret sahə uzrə ixtisaslaşmaması ciddi problemlər yaradır", - bu barədə mətbuat nümayəndələri üçün QHT-KİV əməkdaşlığına dair keçirilən seminarda Tərəfsiz Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib.

15 jurnalistin iştirak etdiyi bu seminarda jurnalistlər QHT-lərin öz işini ictimaiyyətə çatdırması ilə bağlı problemlər barədə fikir mübadiləsi aparıblar.

Eyvazlı qeyd edib ki, elə QHT-lər var ki, istənilən sahə üzrə layihəni həyata keçirəcəklərini bəyan edirlər. Onun sözlərinə görə, bu halın kütləviləşməsi isə, Azərbaycanda QHT-lərin ixtisaslaşmasının qarşısını alır.

"Bir çox QHT-lər reallaşdırdıqları layihələrdə sahə üzrə mütəxəssisləri deyil, təşkilatın öz üzvlərini ekspert qismində işə cəlb edirlər. Bu da layihənin nəticələrinin səmərəli olmamasına gətirib çıxarır",-deyə Eyvazlı vurğulayıb.

Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin həyata keçirdiyi "QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu" adlı layihə həyata keçirir.

Bu layihə Prezident yanında Qeyri - Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə həyata keçirilir. Üç aydır davam edən layihə çərçivəsində, QHT və media iş birliyinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra işlər görülüb.

Layihə çərçivəsində, QHT problemlərindən yazan jurnalistlər şəbəkəsi yaradılıb. Artıq bu şəbəkə üzvləri tərəfindən müxtəlif KİV-lərdə üçüncü sektorla bağlı müxtəlif mövzuda yazılar çap edilib. Layihə 6 ay müddətinə nəzərdə tutulsa da, yaradılan şəbəkə üzvləri sonrakı müddətdə də QHT-lərlə qurduqları əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. Layihənin məqsədi KİV işçilərinin köməyilə ölkədəki qeyri-hökumət qurumlarının problemlərinin araşdırılıb ictimaiyyətə təqdim olunması, əhalini narahat edən problemlərin həllinə QHT nümayəndələrinin cəlb olunmasından ibarətdir. Ötən həftə Tərəfsiz Jurnalistlər Birliyinin yaratdığı www.qht-az.com http://www.qht-az.com ünvanında yerləşən "QHT və Media" adlı İnternet saytı istifadəyə verilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti