...

Bakı Dövlət Universitetinin xarici ölkələrdə filialları açıla bilər

Cəmiyyət Materials 29 Noyabr 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) gələcəkdə xarici ölkələrdə filialları açıla bilər. "BDU-nun elmi və kadr potensialı xarici ölkələrdə yüksək qiymətləndirilir və imkanlar bir qədər də inkişaf etdikdən sonra xarici ölkələrdə universitetin filialları açıla bilər", - bu barədə şənbə günü keçirdiyi mətbuat konfransında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Trend -un arayışı: BDU 1919-cu ildə yaradılıb və Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Hazırda Azərbaycanın ən böyük universitetidir. BDU-da 18 min tələbə təhsil alır və 4 mindən artıq əməkdaş çalışır. Hər il universitetə 3 min - 3 min 500 tələbə qəbul edilir.

Məhərrəmov qeyd edib ki, Rusiyanın elmi mühitini Azərbaycana gətirmək üçün Moskva Dövlət Universitetinin Bakıda filialı açılıb. Onun fikrincə, Azərbaycanın elmi potensialını xarici ölkələrdə daha geniş yaymaq üçün BDU-nun xaricdə filiallarının açılması yaxşı olardı.

"Rusiyanın Dağıstan Muxtar Respublikasında 300 mindən artıq azərbaycanlı yaşayır. Hazırda azərbaycanlıların uşaqları orta məktəblərdə rus dilində təhsil alırlar. Cünki orada olan orta məktəblərdə Azərbaycan dilində dərs deyən müəllimlər yoxdur. Ona görə də istəyirik ki, Dağıstanda BDU-nun filialı açılsın və orada tarix, coğrafiya və dil-ədəbiyyəti ixtisaslarını tədris edən müəllimlər hazırlansın. Bu səbəbdən də BDU-nun Rusiyada və digər ölkələrdə filiallarının açılmasına ehtiyac var və bu mümkündür", - deyə Məhərrəmov bildirib.

Xəbər lenti

Xəbər lenti