Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantının hazırlanması başa çatmaq üzrədir.
Sənədin son variantında alimlərin və əlaqədar təşkilatların, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının ötən ilin dekabrın 18-da Bakıda keçirilən iclasında təklif edilən əlavə və düzəlişlər nəzərə alınıb, - çərşənbə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Trend -un arayışı: Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası ötən ilin dekabrında Dünya Azərbaycanlıları Koordinasiya Şurasının Bakıda keçirilən iclasında ilkin olaraq qəbul olunub. Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb. Sənədin hazırlanmasına 20 - dək alim cəlb edilmişdi.
Xartiyanın məqsədi bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, Azərbaycan diasporunun tarixi vəzifələrini əks etdirən Azərbaycan ideologiyasına əsaslanmış vahid konsepsiyanın hazırlanması və digər məsələlərdir.
Sənəd xaricdə yaşayan azərbaycanlıların hüquqlarının təmin edilməsinin mexanizm və prinsiplərini müəyyən edəcək. Bundan başqa, Xartiyanın məqsədi azərbaycanlıların inteqrasiyası yolunda problemlərin aradan qaldırılması, onların fəallığının artırılması, milli dəyərlərin saxlanmasıdır.
Xartiyada nəzərdə tutulan məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmlərini tətbiq etmək məqsədilə sənədin yekun versiyasının Bakıda alimlərin, ziyalıların və mətbuat nümayəndələrinin iştirakı ilə ictimayyətə təqdimatı, müzakirəsi ilə bağlı dəyirmi masa təşkil olunacaq. Ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd nəşr olunacaq və Avropa Azərbaycanlıları Konqresinin 3-cü qurultayında iştirak edən diaspor təşkilatları rəhbərləri və fəallarına paylanacaq.
Həmçinin Nidenlandda Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası kimi" mövzusunda konfrans təşkil olunacaq, - məlumatda deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]