...

ABŞ Azərbaycanda "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının FM dalğalarındakı yayımının bərpasını istəyir

Cəmiyyət Materials 9 Fevral 2009 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir N.Аbdullayeva/ "ABŞ-ın yayım şurasının nümayəndələri Bakıda "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının FM dalğalarındakı yayımının bərpasını müzakirə edəcək", - bazar ertəsi Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Terri Devidson deyib.

Azərbaycan Milli Teleradioyayım Şurasının (MTRŞ) qərarına əsasən, yanvarın 1-dən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq Azərbaycan tezliklərində ВВС, "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının yayımı dayandırılıb.Xarici radiostansiyalar çanaq, İnternet və kabel şəbəkəsi ilə yayım apara bilər.

"Biz Azərbaycan hökümətinin "Azadlıq" və "Amerikanın səsi"nin "Teleradioyayım haqqında" qanunun qəbul olunmasından əvvəl olduğu kimi yayımlanmasının təşkili üçün hüquqi əsasları müəyyən etmək hazırlığını alqışlayırıq", - Devidson bildirib.

"ABŞ-da inanırlar ki, "Azadlıq" və "Amerikanın səsi" radiostansiyası, eləcə də BBC KİV-dəki demokratik durumu zənginləşdirən və möhkəmləndirən demokratik debatlar və azad fikir mübadiləsində böyük rol oynayır", - o əlavə edib.

"ABŞ Azərbaycan höküməti ilə sağlam demokratiyanın ən vacib hissələrindən biri kimi medianın da daxil olduğu demokratik institutların möhkəmləndirilməsi üzrə işləmək öhdəliyini öz üzərinə götürüb", - Devidson bildirib.

Bir müddət əvvəl ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT-in Bakı ofisi və başqa beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı narahatlıqlarını dilə gətirib və MTRŞ-ni qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

ABŞ-ın yayım şurasının nümayəndələrinin Azərbaycan hökümətinin rəsmiləri və MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli ilə görüşləri planlaşdırılıb.

Azərbaycan prezidentinin sərəncamına əsasən, 2005-ci ildən etibarən tele və radio kanalların lisenziyalaşdırıması MTRŞ-yə tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti