...

Azərbaycan "Şəxsi Məlumatların Avtomatik İşlənməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin müdafiəsi üzrə" Konvensiyaya qoşulacaq

Cəmiyyət Materials 13 Mart 2009 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan "Şəxsi Məlumatların Avtomatik İşlənməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin müdafiəsi üzrə" Konvensiyaya qoşulacaq.

Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsini icra edən Mehdi Nəcəfov Trend -a bildirb ki, bununla əlaqədar aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb.

Nəcəfovun sözlərinə görə, işçi qrup Azərbaycanın Konvensiyaya qeyd-şərtlə qoşulacağı barədə təklif verib.

İşçi qrup hesab edir ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək təminat vermir və respublikamız tərəfindən Konvensiyanın digər müddəalarından irəli gələn hüquq və öhdəliklər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Konvensiyanın məqsədi ona üzv dövlətin ərazisində hər bir fərdin, milliyyətindən və yaxud yaşadığı yerdən asılı olmayaraq, hüquq və azadlıqlarına, xüsusilə də ona aid olan şəxsi məlumatların avtomatik işlənməsi üzrə məxfilik hüququna riayət edilməsini təmin etmək, məlumatların qorunması, yəni ayrı-ayrı şəxslərə aid şəxsi məlumatın avtomatik işlənməsi ilə əlaqədar onların hüquqi müdafiəsini gücləndirməkdir.

Konvensiyaya ölkəmizin qoşulmasını müsbət qiymətləndirən Nəcəfovun fikrincə, bu barədə yekun qərarın və təkliflərin müəyyənləşdirilməsi üçün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" 3 aprel 1998-ci il qanununun təkmilləşdirilməsi və "Fərdi məlumatlar haqqında" qanunun tezliklə qəbul edilməsi zəruridir.

"Şəxsi Məlumatların Avtomatik İşlənməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin müdafiəsi üzrə" Konvensiya yanvarın 28-də 1981-ci ildə qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti