...

Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verdikləri üçün 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Cəmiyyət Materials 13 Mart 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verdikləri üçün 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Trend -un məlumatına görə, bu barədə hökumətin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, fəaliyyətlərində hüquq pozuntularına, süründürməçiliyə yol verdikləri üçün 40-dək hakim barədə intizam icraatı başlanıb.

Nəticədə 6 hakim aşağı işə keçirilib və ya iş yeri dəyişdirilib.

ABŞ Dövlət Departamentinin ötən il üzrə Azərbaycanda İnsan hüquqlarının vəziyyətinə dair hesabatında məhkəmə və hüquq mühafizə orqanlarında korrupsiyanın davam etdiyi bildirilir.

Lakin Ali Məhkəmənin hakimi Ramiz Rzayev ötən ilin yekunları ilə bağlı bir müddət öncə keçirdiyi mətbuat konfransında Dövlət Departamentinin Azərbaycanda məhkəmə sisteminin korrupsiyalaşması ilə bağlı fikirlərini qəbul etməyib.

Ali Məhkəmə sədri deyib ki, hakimlərin rüşvət alması ilə bağlı söhbətlər məişət səviyyəsindədir və indiyə qədər rəsmi şəkildə Məhkəmə-Hüquq Şurasına belə şikayət verilməyib.

Ali Məhkəmə sədri hesab edir ki, rüşvət alan hakimin ədalət məhkəməsində işləməsi yolverilməzdir.

O qeyd edib ki, hakimlər öz fəaliyyətlərində, davranışlarında və həyat tərzlərində bütün cəmiyyətə nümunə olmalıdırlar.

Hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 2007-2008-ci illlər ərzində 32 hakimin səlahiyyətinə xitam verilib.

Prezidentin fərmanları ilə Azərbaycanda hakim ştatlarının sayı 50 faiz artırılaraq 491-ə çatdırılıb.

Hakimlərin sayının artırılması üçün iki dəfə hakimliyə müsabiqə yolu ilə seçkilər keçirilib və 2007-ci ildə 55, 2008-ci ildə 102 nəfər hakim seçilib.

Görülmüş tədbirlər nəticəsində Ali Məhkəmədə hakimlərin ştat sayı 23-dən 38-ə, apellyasiya məhkəmələri hakimlərinin sayı 2 dəfədən çox artırılaraq 49-dan 106-ya, Bakının rayon məhkəmələrində hakimlərin sayı 45-dən 88-ə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti