...

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçisi ölkədəki vəziyyəti öyrənir

Cəmiyyət Materials 31 Mart 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Rüstəmov / 

Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi Kristof Strasser ölkədəki vəziyyəti diqqətlə öyrənmək fikindədir.

"Bundan ötrü bir qədər vaxt lazımdır və istərdim ki, Azərbaycanda siyasi məhbuslarla bağlı xeyli məlumat toplayım", - bu gün elektron poçt vasitəsilə Strasser Trend -a bildirib.

Mart ayında Berlində AŞ PA-nın insan haqları üzrə komitəsinin iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması qərara alınıb. Bu vəzifəyə AŞ PA-nın Sosialist qrupunun üzvü Kristof Strasser təyin olunub.

Siyasi məhbuslar üzrə xüsusi məruzəçi cari ilin ikinci yarısında regiona səfər etməyi planlaşdırır.

Azərbaycan hakimiyyəti siyasi məhbuslarla bağlı AŞ PA-nın xüsusi məruzəçi təyin etməsi üçün əsas görmür.

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan parlamentinin fevralın 2-də keçirilən iclasında Avropa Şurasını (AŞ) "ikili standartlarda" ittiham etmişdi. Onun fikrincə, AŞ Ermənistanda siyasi məhbuslarla bağlı problemlərə göz yumduğu halda Azərbaycana yersiz irad tutur.

"Siyasi məhbuslarla bağlı məsələ Azərbaycanda çoxdan həllini tapıb. Bununla bağlı AŞ-yə və onun institutlarına kifayət qədər sənəd təqdim edilib. Hazırda Azərbaycanın AŞ-nin və ya digər beynəlxalq təşkilatın xüsusi məruzəçisinə ehtiyacı yoxdur", - bir müddət öncə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov Trend -a bildirib.

2001-ci ildə Azərbaycan AŞ-yə daxil olarkən siyasi məhbuslarla bağlı məsələləri həll edəcəyi barədə öhdəlik götürüb. Buna nəzarət üçün AŞ PA xüsusi məruzəçi təyin edib. 2005-ci ilədək bu vəzifəni britaniyalı deputat Malkolm Brüs yerinə yetirib. Elə həmin il keçirilən parlament seçkilərində Brüs parlamentə seçilməyib və o vaxtdan etibarən Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunmayıb.

Azərbaycan hüquq müdafiəçiləri siyasi məhbusların siyahısını hazırlayaraq, oraya 30 nəfərin adını daxil ediblər. Avropa Şurası siyahıda adları sadalananları siyasi məhbus kimi tanıyıb.

Məqalə müəllifi ilə əlaqə ünvaı: [email protected]

Xəbər lenti

Xəbər lenti