...

Azərbaycanda Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 350-dək məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 2 Aprel 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 350-dək məhkum azadlığa buraxılıb, cümə axşamı Trend -a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Trend -un arayışı:  Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı doqquz min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.

Penitensiar Xidmətdən bildirilib ki, Amnistiya Aktının icrası 4 ay müddətində həyata keçiriləcək və ilkin olaraq cəza müddətinin başa çatmasına qısa müddət qalmış və xəstə məhkumlar azadlığa buraxılır.

İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, PX tərəfindən icrası həyata keçirilən 3 cəza növü üzrə amnistiya tətbiq olunacaq məhkumların dəqiq sayı aktın icrasının yekununda məlum olacaq.

Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları İdarəsinin rəisi, baş məhkəmə məmuru Xanlar Zeynalov cümə axşamı Trend -a bildirib ki, Amnistiya Aktı ilə 5 mindən artıq islah işləri, cərimə, ictimai işlər, şərti məhkumetmə cəzasına məhkum edilmiş şəxs cəzadan azad olunacaq.

Baş məhkəmə məmurunun sözlərinə görə, Amnistiya Aktının icrası ilə bağlı Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və icranın vaxtında və düzgün həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsü üçün nazir tərəfindən əmr imzalanıb.

Zeynalov bir qrup şəxsin amnistiya tətbiq olunaraq yuxarıda qeyd olunan cəzalardan azad edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyib.

Trend -un arayışı:  1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti