Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda məhkumların cəzadan azad olunandan sonra müvafiq işlə təmin olunması məqsədilə penitensiar müəssisələrdə müxtəlif peşə ixtisasları üzrə kurslar təşkil olunub.
Bu kursları bitirən məhkumlar cəzadan azad olunandan sonra işlə təmin olunacaqlar.
Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov çərşənbə günü qadın cəzaçəkmə müəssisəsində dərzi, bərbər və kompyuter kurslarının açılışında jurnalistlərə bu barədə məlumat verib.
Xələfov deyib ki, kurslara cəzasının başa çatmasına 3-6 ay qalmış məhkumlar cəlb olunacaq. Bu il ərzində kurslara 400-dən artıq məhkum cəlb olunacaq və kurslar əmək bazarında ən vacib olan peşələr üzrə təşkil olunacaq.
Ötən il penitensiar müəssisələrdə təşkil olunan kursları 80 məhkum bitirib.
Rəis müavininin sölərinə görə, gələcəkdə bu kurslar bütün cəzaçəkmə müəssisələrində təşkil olunacaq və kursu bitirən məhkumların hamısı cəzadan azad olunandan sonra müvafiq işlərlə təmin olunacaqlar.
"Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2007-2010-cu illər üzrə Dövlət Proqramı"na uyğun olaraq Penitensiar Xidmətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, bu gün 4 saylı qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində 42 məhkumun cəlb olunacağı qadın bərbəri, dərzi və kompyuter kursları açılıb.
Tədbirdə içtirak edən PX-nin rəis müavini Hüseyn Əlixanov bildirib ki, məhkumların bu ixtisasları mənimsəməsi və müvafiq biliklər əldə etməsi onların azad olunandan sonra cəmiyyətə adaptasiya olunmasında böyük əhəmiyyət daşıyır.
Müəssisənin rəisi Müzəffər Məmmədov bildirib ki, müəssisədə məhkumların bir qismi işlə təmin olunub.
Qadınlardan 43 nəfəri müəssisədə fəaliyyət göstərən xalça sexində çalışır və onlara əməkləri müqabilində əmək haqqı verilir.
Xalça sexi əsasən PX-nin sifarişlərini həyata keçirir və kənardan sifarişlər də qəbul edir.
Məhkum qadınlara xalçaçılıq və komyuter bilikləri, dərzi və bərbər peşələri Təhsil Nazirliyinin 18 saylı peşə məktəninin müəllimləri tərəfindən öyrədilir.
Müəssisədə 293 qadın cəza çəkir və onlardan 15-i əcnəbi ölkələrin vətəndaşlarıdır. Qadın məhkumların əksəriyyəti daha çox dələduzluq, narkotiklərin qanunsuz dövriyyəsi, qəsdən adamöldürmə cinayətlərinə görə cəzalandırılıb.
Sonuncu Amnistiya Aktı ilə bu müəssisədən 29 qadın azadlığa buraxılıb. 4 qadın məhkum isə narkomaniyadan məcburi müalicə üzrə sonuncu kursu keçir. Kursu başa çatdıqdan sonra onlar da azad olunacaqlar.
Həmin gün PX-nin tərbiyə müəssisəsində 12 nəfər yeniyetmənin cəlb olunacağı kompyuter kursu da açılıb. Həmin müəssisədə 39 yeniyetmə cəza çəkir.
PX-də açılan kursları bitirənlərə sertifikatlar veriləcək.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]