Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir C.Babayeva /
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 9694 nəfər təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev çərşənbə axşamı Trend -a bildirib ki, dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Hazırda Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 9694 nəfər təşkil edir. Onların orta aylıq pensiya məbləği isə 327,4 manatdır. Bu məbləğ adi vətəndaşların orta aylıq pensiya məbləğindən (99 manat) 3,3 dəfə çoxdur.
Bu gün - 23 iyun Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub. Artıq dördüncü ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.
Babayev deyib ki, dövlət qulluqçularının pensiyalarla təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.
2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılıb və praktikada ilk dəfə olaraq bu artımlar barədə pensiyaçıların fərdi məlumatlandırılması sistemi tətbiq olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]