...

Azərbaycanın avarçəkənləri Nohurqışlaq gölündə dünya çempionatına hazırlığa başlayıblar

Cəmiyyət Materials 6 İyul 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın avarçəkənləri Nohurqışlaq gölündə dünya çempionatına hazırlığa başlayıblar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, avqustun 13-də Kanadanın Dartmut şəhərində kayak və kanoe üzrə böyük yaşlılar arasında dünya çempionatı start götürəcək. 4 gün davam edəcək yarışa qatılacaq 75 ölkə arasında ilk dəfə Azərbaycanın kanoe üzrə milli komandasının da iştirakı planlaşdırılıb.

Artıq yığmamız mötəbər yarışın hazırlıq prosesinə start verib. İyulun 5-dən etibarən avarçəkənlərimiz Qəbələdə yerləşən Nohurqışlaq gölündə təlim-məşq toplantısına başlayıblar. Kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Vasili Kovbanovskinin rəhbərliyi altında hazırlıq prosesinə 3 kanoeçi - Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko və 3 kayakçı - Tamerlan Mustafayev, Emin Cəfərov və Elvin Cəfərov cəlb olunub.

Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən Nohurqışlaq gölündə hazırlıq prosesi məhz baş məşqçinin istəyilə reallaşıb. Avarçəkənlərimizin "Kür" Təlim-Tədris mərkəzində müntəzəm məşq etdikləri Mingəçevir şəhərində hazırda xeyli isti hava şəraiti hökm sürür. Buna görə də toplanış üçün sərin məkan seçilib. Nöhurqışlaq gölü coğrafi şəraiti və əlverişli imkanları ilə ilk gündən avarçəkənlərimizin zövqünü oxşayıb. Kayak və kanoeçilərimiz burada iyulun 31-dək məşq edəcəklər.

Sonra isə üç kanoeçimiz və millimizin məşqçiləri Kanadaya yola düşəcəklər. 25 - 28 iyunda Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Valentin Demyanenko, eləcə də bürünc mükafatçılar Maksim Prokopenko - Sergey Bezuqlıy dueti dünya çempionatında da mübarizə aparacaq. Demyanenko 1 nəfərlik, Prokopenko - Bezuqlıy dueti isə 2 nəfərlik kanoe qayıqlarında çıxış edəcək.

      
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti