...

Azərbaycanda jurnalist qadınların birinci forumu keçirilir

Cəmiyyət Materials 15 İyul 2009 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Azərbaycan jurnalist qadınlarının "Yeniləşən Azərbaycanın inkişafı naminə" devizi altında Birinci respublika forumu keçirilir. AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir. 

Forumda jurnalist qadınların Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, peşəkarlıq problemləri, maarifləndirmə sahəsində nailiyyətləri, jurnalistikanın qarşısında duran problemlər müzakirə olunur.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bildirib ki, ilk dəfədir respublika üzrə jurnalist qadınların geniş forumu keçirilir. Azərbaycan jurnalistikasının inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolunu vurğulayan Yusifova deyib ki, jurnalistikaya dəstək məqsədi ilə istər ulu öndərin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında bu sahənin maddi-texniki bazası daha da möhkəmlənib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova forumun iki vacib aspektini xüsusi vurğulayaraq bildirib ki, öz peşələrini ləyaqətlə təmsil edən professional jurnalistlərin bir araya gəlməsi sevindirici haldır.

"Digər mühüm məqam tədbirin məhz qadın jurnalistlərin forumu olmasıdır. Bununla biz dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan yüksək inkişaf etmiş, ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq, gender baxımından qadınların peşə seçimində heç bir maneə olmayan ölkədir. Bu forum Azərbaycanda qadınların cəmiyyətdəki ictimai mövqeyini, həyatın bütün sahələrində səmərəli fəaliyyətə cəlb edilməsi üçün düzgün və hərtərəfli qadın siyasətinin olduğunu nümayiş etdirir", - Hüseynova qeyd edib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda mətbuatın inkişafına, jurnalistikanın özünütənzimləmə prinsipinə böyük diqqət göstərildiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının buna əyani sübut olduğunu vurğulayıb.

Qadınların jurnalistikamıza böyük töhfələr verdiyini bildirən Milli Məclisin deputatı Qənirə Paşayeva onların medianın rəhbər vəzifələrində də çoxluq təşkil etməsini arzulayıb.

BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Bruno Pueza, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları belə forumun keçirilməsini yüksək qiymətləndiriblər. Bir daha vurğulanıb ki, Azərbaycanın jurnalistika tarixində qadın jurnalistlərin müstəsna xidmətləri var.

Forumun ünvanına 59 xarici ölkədən təbrik məktubu göndərilib.

Forum işini sessiyalarda davam etdirir. Sessiyalarda "Jurnalist qadınlar -peşəkarlıq problemləri, nəzəriyyə, təcrübə", "Müasir jurnalistikada obyektivlik problemi və maarifləndirmə - jurnalist qadınların rolu", "Yazılı və elektron mətbuatda reklam", "Multimedia. Yeni media texnologiyalarının inkişafı və jurnalist qadınlar" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti