...

Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xaçların sayı artırılır

Cəmiyyət Materials 6 Avqust 2009 13:27 (UTC +04:00)
"Gürcüstanın azərbaycanlılar yaşayan hər bir kəndində basdırılımış xaçlar bu gün də qalmaqdadır. Özündən işıq verən böyük xaçlar hər bir kəndin yaxınlığında uca yerlərdə quraşdırılıb. Regiondan keçib-gedənlərdə elə təsəvvür yaranır ki, bu yaşayış məskənləri xristianlara məxsusdur", - cümə axşamı Trend News-a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.
Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində  xaçların sayı artırılır

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir C.Babayeva /

Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində  xaçların sayı artırılır və bununla bağlı ciddi narahatlıqlar yaranıb.

"Gürcüstanın azərbaycanlılar yaşayan hər bir kəndində basdırılımış xaçlar bu gün də qalmaqdadır. Bundan əlavə, xaçlar artıq müsəlman qəbiristanlıqlarının yaxınlığında da ucaldılır. Özündən işıq verən böyük xaçlar hər bir kəndin yaxınlığında uca yerlərdə quraşdırılıb. Regiondan keçib-gedənlərdə elə təsəvvür yaranır ki, bu yaşayış məskənləri xristianlara məxsusdur", - cümə axşamı Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.

Trend -un arayışı: Bu ilin əvvəlində Trend -un araşdırması nəticəsində Gürcüstanın Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində Gürcüstan Patriarxatının yerli idarəsinin 7-10 metr hündürlüyündə xaçlarının ucaldıldığı məlum olub.

Gürcüstan Patriarxatı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava öncə Trend -a bildirmişdi ki, Gürcüstanın Patriarx-Katolikosu II İlya yerli əhalinin narahatlığından xəbər tutan kimi, öz əməkdaşlarını müsəlman əhalinin yaşadığı yerlərdə xaçların ucaldılması məsələsinə ehtiyatla yanaşmağa çağırıb.

"Gürcüstanda hər yerdə xaç ucaltmaq ənənəsi mövcuddur. Yerli yeparxiya Bolnisi kəndlərində xaçları ucaldarkən yerli azərbaycanlı əhalisini incitmək fikrində olmayıb. Axı xaç yalnız xristianlıq deyil, həm də inam və məhəbbət simvoludur", - Cecelava demişdi.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır.

Əsgərov Azərbaycan və Gürcüstanın dini idarə rəhbərlərinin xaçlar barədə məlumatlı olub heç bir tədbir görməmələrindən təəssüfünü bildirib. "Onların susaraq bu məsələnin üstündən keçmələri bizi çox narahat edir. Belə davam etsə, gələcəkdə xaçların sayı artırılsa, çox pis nəticələrə gətirib çıxaracaq. Hətta bu, az qala dini qarşıdurmaya da gətirib çıxara bilər ", - hərəkat sədri deyib.

O bildirib ki, azərbaycanlılar bu məsələ ilə bağlı aidiyyatı orqanlara lazımı etirazlarını bildiriblər. "Müəmmalı odur ki, azərbaycanlı hər hansı kiçik bir tövlə tikmək istəsə, on yerdən icazə almadan daşı-daş üstə qoya bilməz. Necə olur ki, prezidentin səlahiyyətli nümayəndəsi olan qubernatorun xaçların basdırılmasından xəbəri yoxdur? Əgər xəbərsizdirsə, deməli regiona rəhbərlik edə bilmir. Xəbəri varsa, bu barədə niyə ölçü götürmür?", - Əsgərov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti