Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Ombudsmanı Bakı şəhəri Binəqədi rayonunun Xocahəsən qəsəbəsində polis əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsi zamanı əhali ilə yaranmış qarşıdurma faktı ilə bağlı cinayət işinin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Baş prokurora müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, aparatın əməkdaşları qarşıdurma ilə bağlı həbs edilən və Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2-ci) maddəsi ilə təqsirləndirilən şəxslərlə - Xudiyev Qurban Qasım oğlu, Muxtarov Mais Əminağa oğlu, Həsənov Elçin Ənvər oğlu və Loğmanov Məhəmməd Oruc oğlu ilə görüşüblər.
Görüş zamanı, onlar barələrində başlanmış cinayət işlərinin istintaqının qeyri-obyektiv aparıldığını, təqsirləndirildikləri cinayət əməlini törətmədiklərini, hadisə yerində olmadıqlarını bildiriblər.
Avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, Hökməli kəndi yaxınlığında ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetirmişdilər.
Nəticədə ARDNŞ-nin işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Faktla əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 222-2.1-ci (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmiryol qurğularının, müdafiə obyektlərinin, su təchizatı və neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]