Azərbaycan, Bakı, 17 avqust / Trend , muxbir H.Bağırov /
ABŞ səfirliyinin və Avropa ölkələrinin diplomatik korpuslarının binalarına silahlı hücüm etməyə cəhddə təqsirləndirilən silahlı dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb.
Trend -a Bakı Apellyasiya Məhkəməsindən bazar ertəsi verilən məlumata görə, dəstənin 12 üzvünün verdiyi apellyasiya şikayəti rədd edilib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.
Trend -un arayışı: Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin sabiq zabiti Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev, Samir Mehrəliyev 15 il azadlıqdan məhrum edilib.
Dəstənin digər üzvləri - Elşən Məmmədov, Vüqar Əliyev, İlkin İsmayılov 14, Tərlan Kərimov 13, Ramil Kərimov 12, Yaşar Məhərrəmov 12 il 6 ay, Rövşən Əbdüləliyev 12 il 6 ay, Şirvani Babayev 10, Samir Əliyev 12, Orxan Əlizadə 10 il 6 ay, Ramin Cəlilov 11, Azər İbadov 10, Edqar Əliyev 6 il 6 ay, Hacıbala Hüseynov 6 il 3 ay, Şəhriyar Məhərrəmov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Məhkəmə Əsədovun leytenant rütbəsinin geri alınması ilə bağlı Müdafiə Nazirliyinə təqdimat göndərilməsi barədə qətnamə də qəbul edib.
Adıçəkilən şəxslər dini radikal qruplaşmada birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]