Türkiyə ordusunun Baş Qərargahı çərşənbə axşamı hökumətin uzun illərdir davam edən kürd probleminin həlli üzrə səylərini dəstəklədiyini, lakin eyni zamanda, 25 ildirki silahlanma yolu ilə ölkənin cənub-şərqində müstəqil kürd dövlətinin yaradılmasına çalışan Kürdüstanın İşçi Partiyasının (KİP) separatçıları ilə dialoqun mükünlüyünü rədd etdiyini bildirən bəyanatla çıxış edib. Məlumatı RİA Novosti yayıb.
Türkiyənin hərbi idarəsinin saytında yerləşdirilən bəyanatda deyilir ki, ordu dövlətin unitar quruluşuna qarşı yönəlmiş və ya kürd dilinin rəsmi dil qismində qəbul edilməsi istiqamətində hər hansı bir hərəkəti rədd edir.
"Türk dövləti özündə xalqın və ölkənin bölünməz birliyini əks etdirir. Onun rəsmi dili türk dilidir", - idarə rəhbəri, ordu generalı İlker Başbuğun imzaladığı bəyanatda deyilir.
"Türkiyə Silahlı Qüvvələri millət-dövlət strukturuna və onun ayrılmaz quruluşuna zərər gətirilməsinə heç bir halda yol verməyəcək", - bəyanatda deyilir. Bəyanatda həmçinin deyilir ki, Türk ordusu "terror təşkilatının separatçıları ilə qətiyyətlə mübarizə aparır".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə rəsmi Ankaranın kürd probleminin həlli üçün "radikal tədbirlər" görəcəyinə dair bəyanatla çıxış etmişdi. Onun fikrincə, bunun "vaxtı çatıb".
Müxalifət terrorçulara güzəştə gedildiyini bəyan edərək hökumətin planlarını kəskin şəkildə tənqid edib. ABŞ-la əlaqəli olan kürd probleminin həlli planı Türkiyəni parçalanma təhlükəsi ilə üz-üzə qoya bilər və onu İraq və keçmiş Yuqoslaviyanın taleyi gözləyə bilər.