Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva /
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Xaraşti Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasını müsbət qiymətləndirib, bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Dünən Mikloş Xaraşti ilə görüşdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi perspektivləri, həmçinin KİV-ə Dövlət Dəstəyi Fondu və onlar tərəfindən qrant müsabiqəsinin keçirilməsi müzakirə edilib. Xaraşti bu fondun yaradılmasını müsbət qiymətləndirib", - o qeyd edib.
Həsənov bildirib ki, KİV ilə bağlı real vəziyyət də müzakirə edilib. "Biz onu narahat edən məsələlərə toxunduq. Xüsusi nümayəndə iki jurnalistin həbsi faktı ilə bağlı narahatlığını bildirdi", - Həsənov deyib.
Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə əsasən, bu vəziyyətlə əlaqədar narahatlığa səbəb yoxdur. Belə ki, bu hal Azərbaycan qanunvericiliyinə əsaslanır.
"Bütövlükdə, görüşdə Azərbaycanda KİV-in vəziyyəti normal qiymətləndirilib", - Prezident Administrasiyasının şöbə müdiri qeyd edib. "Həmçinin bu sahədə bəzi problemlərin olduğu və Azərbaycanın bu istiqamətdə ATƏT və Avropanın beynəlxalq institutları ilə birgə fəaliyyətinin vacibliyi qeyd olunub", - Həsənov bildirib.