Azərbaycan, Bakı, 6 noyabr / Trend , muxbir H.Bağırov/
Azərbaycan məhkəməsi zorlamada ittiham olunan hərbi qulluqçuya cəza kəsib.
Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Daxili Qoşunların "N" saylı hərbi hissəsinin zabiti, baş leytenant Elmar Mehdiyev və mülkü vətəndaş Rauf Qafarova hökm oxunub.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərə qarşı sürülmüş zorlama ittihamı sübuta yetirilməyib. Buna görə də məhkəmə Mehdiyev və Qafarova qarşı Cinayət Məcəlləsinin zorlama (149.1), seksual xarakterli zorakılıq hərəkətləri (150.1) maddələri üzrə ittihamları xaric edib.
Məhkəmə Mehdiyevi CM-nın vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310) maddəsi ilə ittiham edərək, 1 il azadlıqdan məhurm edib.
CM-nin vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə iştirak etmə (32.5,310) maddəsi ilə təqsirli bilinən Qafarova 700 manat cərimə təyin edilib.
İttihama görə, Mehdiyev idarə etdiyi avtomobillə Bakının Sabuncu dairəsindən keçərkən Samirə (ad şərti verilib) adlı qızı maşına mindirib. Həmin zaman Mehdiyev qıza özünü polis əməkdaşı kimi təqdim edib.
Mehdiyev qızı Qafarova məxsus mənzilə apararaq, onunla cinsi əlaqədə olub. Qız hadisədən bir gün sonra Sabunçu rayon Polis İdarəsinə gələrək, Mehdiyev və Qafarovdan şikayət edib.
İstintaqa və məhkəmədə ifadə verən Mehdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, zorlama ittihamlarını qəbul etməyərək bildirib ki, həmin vaxt qızı maşınına mindirsə də, onu zorlamayıb. Məhkəmədə ifadə verən zərərçəkmiş də təqsirləndirilən şəxslər tərəfindən zorlanmasını təsdiqləməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]