Azərbaycan, Lənkəran, 11 yanvar / Trend , müxbir P.Əliyeva/
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda ötən il boşanmaların sayı azalıb.
Lənkəran rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Əzizulla Şükürov Trend -a bildirib ki, 2006 və 2007-ci illərin hər birinin hesabat dövründə boşanma faktlarının sayı 141 təşkil edibsə, 2008-ci ildə bu rəqəm 104-ə, 2009-cu ildə isə 102-yə enib.
2009-cu ildə Lənkəranda qeydə alınan boşanmaların 39-u ər-arvadın xasiyyətlərinin tutmaması, 23-ü maddi çətinlik, 22-si qısqanclıq, 13-ü sonsuzluq, 5-i cinayət törətmiş şəxsin ən azı 3 il azadılıqdan məhrum olunması, 2-si isə ərin sərxoşluğü səbəbindən baş verib.
Şükürov deyib ki, ailələrlə apardıqları söhbət zamanı kommersiya maraqlarına görə hər iki tərəfin razılığı ilə boşanma hallarına da rast gəlinib.
Ötən il nikahların sayı da əvvəlki illərə müqayisədə azalaraq 1652 olub. Bu göstərici 2006-cı ildə 1710, 2007-ci ildə 1821, 2008-ci ildə isə 1762 olub.
Övladlığa götürmə ilə bağlı 2008-ci ildə 4 fakt qeydə alınmışdısa, 2009-da bu rəqəm artaraq 9 olub.
Atalığın müəyyən edilməsi faktı da azalaraq 883 təşkil edib. 2008-ci ildə bu göstərici 974 olub.
2009-cu ildə Lənkəranda 3502 körpə dünyaya gəlib. 2008-ci ildə bu rəqəm 3357 olub.
Rayonda ötən il 13 bir yaşadək uşaq ölümü faktı qeydə alınıb.