...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2010 10:51 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı Trend News-a fondun ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı Trend -a fondun ictimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

Trend -un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Babayev deyib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov qanlı hadisəni qısa xarakterizə edib, 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi olduğunu deyib. Həmin dövrdə baş verən tarixi prosesləri yada salan Müslümov vurğulayıb ki, 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilib.

"Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda, faciənin günahkarlarının adları açıq şəkildə göstərildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi", - deyə DSMF sədri diqqətə çatdırıb.

Müslümov onu da bildirib ki, 20 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının gənc aktyorlarının ifasında 20 Yanvar hadisələri ilə əlaqədar kompozisiya nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti