Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda ötən il ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 62 563 nəfər artıb. Bu barədə çərşənbə günü Trend -a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev bildirib.
"Ötən il yanvarın 1-inə olan tarixə pensiyasını plastik kartla əldə edənlərin sayı 1 057 571 nəfər olduğu halda, bu ilin müvafiq tarixinə göstərici 1 120 134 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir", - Babayev deyib.
2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ötən ilin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6 faiz artıb. Əgər 01.01.2009-cu il tarixinə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 94,9 faiz təşkil edir. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzindədir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub.