...

Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin dərsə gəlmədiyi barədə məlumatımız var - təhsil naziri

Cəmiyyət Materials 16 Mart 2010 12:05 (UTC +04:00)
Azərbaycan təhsil naziri ali məktəb tələbələrinin xaricə qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin dərsə gəlmədiyi barədə məlumatımız var - təhsil naziri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan təhsil naziri ali məktəb tələbələrinin xaricə qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend -un məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı sualına cavabında bildirib ki, ADNA-nın 5 tələbəsinin 10 gündür, dərslərə davam etmədiyi barədə ona məlumat verilib.

"Mən bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışmışam. Məlumat belədir ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi davam etməyən tələbələr var", - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, ali məktəblərin daxili nizam-intizam qaydalarına görə, uzun müddət üzrsüz dərs buraxan tələbə ali məktəbdən xaric edilir.

ADNA rəhbərliyi tələbələrdən 3-nü artıq ali məktəbdən xaric edib, 2-si ilə bağlı araşdırma aparılır.

Mərdanov bununla bağlı ciddi ajiotaj yaratmağa ehtiyac olmadığını vurğulayıb. O qeyd edib ki, "Ola bilər ki, bir tələbə ongünlük bir yana getsin. Əgər tələbənin dərslərə gəlmədiyi müddət onun ali məktəbdən çıxarılmasına gətirib çıxaracaqsa, biz onu xaric edəcəyik. Hazırda bütün bunlar araşdırılır. Bu günə olan məlumat bu qədərdir".

Bəzi KİV-də Bakı Dövlət Universitetinin 5, Azərbaycan Dövlət Neft Akademiyasının isə 3 tələbəsinin xaricə qaçırılmaları barədə məlumat dərc olunub. Həmin tələbələrin vəhabi təriqətinin üzvü olduqları, onların ərəb ölkələrindən birinə aparıldıqları bildirilir.

Xəbər lenti

Xəbər lenti