Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanda keçən il qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 310 milyon manat vəsait xərclənib. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
"Xərclənən vəsaitin 193 milyonu büdcənin, 90 milyonu Dövlət Neft Fondunun, 27 milyonu isə beynəlxalq humanitar təşkilatların olub", - Həsənov deyib.
Həsənovun sözlərinə görə, hesabat dövründə 1416 ailə yeni mənzilə köçürülüb. Komitə tərəfindən isə 50 binada təmir işləri aparılıb.
Baş nazirin müavini bildirib ki, ötən il 2 min qaçqın və məcburi köçkün işlə təmin olunub.
"Bu il də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 310 mln manat ayrılıb. Onun 203 mln-u büdcənin, 8 mln-u Dövlət Neft Fondunun, 27 mln-u isə beynəlxalq humanitar təşkilatlarının vəsaitidir", - Həsənov bildirib.
Onun sözlərinə görə, bu il Ağdam sakinləri üçün 689 ailəyə yeni evlərin tikintisi nəzərdə tutulub.