Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycana külli miqdarda silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda silah keçirilməsində təqsirli bilinən Səyavuş Eyvazov 3 il, Qürbət Nəcəfov 3 il, İlham Rəhimov 3 il və Elçin Ələkbərov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2008-ci il oktyabrın 13-ü saat 13:00 radələrində Qazax - Bakı avtomagistral yolunun 343-cü km-də polis əməkdaşları tərəfindən özünü şübhəli aparan Vəliyev İntiqam Fərman oğlunun idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşına baxış keçirilərkən onun yük hissəsindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silahlar, 26 qutu müxtəlif çaplı patronlar, 10 qutu patron gilizləri, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.
Müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul - Bakı arasında sərnişin və yükdaşıması ilə məşğul olan "Öz Nuhoğlu" şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan "Franki" firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində "Broker" təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəlib.
Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatın Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə - Gürcüstan sərhədindən keçirməklə Səyavuş Eyvazova təhvil verib. Səyavuş Eyvazov həmin silah-sursatı adları hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının "QAZel" markalı avtomaşınına yükləyərək, Gürcüstan - Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı İlham Rəhimova müraciət edib.
İlham Rəhimov 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı "Sınıqkörpü" gömrük postunun gömrük nəzarətindən kənar keçirərək, Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus "KamAZ" markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.1), qanunsuz silah əldə etmə və saxlama (228.1, 228.2.2, 228.2.1) maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən İntiqam Vəliyev və Hacı Şərəfin istintaqı bu işdən ayrılıb və onlar barəsində axtarış elan edilib.