Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda tarixi əsərləri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmağa cəhd edən şəxslərin məhkəməsi başlayıb.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tarixi əsər qaçaqmalçılığında təqsirləndirilən rusiyalı iş adamı Xait Mixayıl Borisoviç və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Habil Hüseyn oğlu Nəbizadənin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Xait Mixayıl Borisoviç bildirib ki, apardığı əşyaların tarixi əsərlər olmasından və qanunla qorunmasından xəbəri olmayıb.
Digər təqsirləndirilən Nəbizadə isə ifadəsində qeyd edib ki, Xait Mixayıl Borisoviçi yoxlayarkən onun tarixi əsərləri gömrük postundan keçirməsindən xəbəri olmayıb.
Təqsirləndirilən Xait Mixayıl Borisoviç 2009-cu ilin dekabrında Bakıdan Moskvaya getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan zaman onun üzərindən qiymətli tarixi əşyalar və suvenirlər aşkar olunaraq götürülüb.
İstintaqla müəyyən olunub ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı Habil Nəbizadə də onunla əlbir olub.
Mixayıl Böyük Britaniyanın "Electrik Shipping Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "Elektrik Shipping Azərbaycan" MMC-nin təmsilçisidir.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi (206.2) və qaçaqmalçılıq vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə (206.3.3) maddəsi ilə ittiham olunurlar.