...

DSMF Azərbaycan əhalisini məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənılməsində maraqlı olmağa çağırır

Cəmiyyət Materials 16 Aprel 2010 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycan əhalisini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində maraqlı olmağa çağırır.

"Araşdırmalar göstərir ki, bu gün bir sıra hallarda işçilərlə əmək müqavilələrinin bağlanmamasına, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsinə işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun. Vətəndaşlar bilməlidir ki, onların sosial təminatının gələcəyi öz əlindədir", - cümə günü Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev bildirib.

Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında "Əmək müqaviləsi" tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir.

Babayev deyib ki, şəxs işləməyə başlayarkən mütləq "Əmək müqaviləsi" imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı və işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

"Bununla sosial sığortaolunan şəxslər həm də qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnmək imkanı əldə edirlər. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar", - Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti