Azərbaycan və Küveyt İslam dünyasında qadınlara aid olan qərar və qətnamələrin irəli çəkilməsi məqsədilə Parlamentlərarası İslam İttifaqı əməkdaşlığı çərçivəsində parlament üzvü olan müsəlman qadınların forumunun yaradılmasını dəstəkləyir. Məlumatı Küveytin KUNA agentliyi yayıb.
Forumun yaradılması məsələsinə Bakıda Küveyt nümayəndə heyətinin rəhbəri və Küveyt Parlamentinin üzvü Məsumə Saleh əl-Mübarəklə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova arasında keçirilən görüşdə toxunulub. Görüş zamanı tərəflər ölkələr arasında parlamentlərarası münasibətlərin gücləndirilməsini və beynəlxalq forum, xüsusilə də Parlamentlərarası İslam İttifaqı çərçivəsində Azərbaycan və Küveytin fəaliyyət kordinasiyasını müzakirə ediblər.
Vitse-spiker Bahar Muradovanın sözlərinə görə, parlamentlərarası qarşılıqlı səfərlər müxtəlif sahələrdə ölkələr arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Görüşdə qadın deputatların fəaliyyəti, iki ölkədə gender bərabərliyi prinsipləri, turizm sahəsində və digər məsələlərdə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.