...

24 aprel - Ukraynada yaşayan azərbaycanlı gənclərin Həmrəylik günü elan olunub (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2010 13:36 (UTC +04:00)
24 aprel tarixi Ukraynada yaşayan azərbaycanlı gənclərin Həmrəylik günü elan olunub
24 aprel - Ukraynada yaşayan azərbaycanlı gənclərin Həmrəylik günü elan olunub (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

24 aprel tarixi Ukraynada yaşayan azərbaycanlı gənclərin Həmrəylik günü elan olunub, - bu barədə çərşənbə axşamı Trend-ə Ukraynadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri Anar Tahirov məlumat verib.

"Ermənilərin ideoloji təxribatlarına cavab vermək üçün hər il aprelin 24-ü Ukraynada yaşayan Azərbaycanlı gənclərin həmrəylik günü elan olunub", - Tahirov deyib.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib. Ukraynanın 27 vilayət və şəhərindən 700-dən çox gəncin qatıldığı forumda Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev, Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, Dnepropetrovsk Vilayət Radasının deputatları və digər rəsmi şəxslər çıxış edərək, Ukraynada böyüyüb-boya-başa çatan azərbaycanlı gənclərin I forumunun Dnepropetrovsk şəhərində keçirilməsini tarixi hadisə adlandırıblar.

Forumda Anar Tahirov Ukraynadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri seçilib. Tahirov Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunun məzunu, Ukrayna MEA-nın aspirantıdır.

"Bu gün Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışan mənfur erməni ideologiyasına qarşı mübarizədə bütün gücümüzü səfərbər etməliyik. Bu gün Milli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin həm ölkəmizin inkşafında, həm də Dağlıq Qarabağ probleminin həlli istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xaricdə yaşayan hər bir azərbaycanlı gəncin qürur mənbəyinə çevrilməlidir. Bu baxımdan, Ukraynada yaşayan 10 minlərlə gənc öz üzərinə düşən missiyanın məsuliyyətini hiss etməli, tarixi Vətənimiz qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməməlidir" , -Tahirov əlavə edib.

Xəbər lenti

Xəbər lenti