...

Azərbaycanda qanunsuz yolla universitetə tələbə qəbul etdirən professora hökm oxunub

Cəmiyyət Materials 11 May 2010 16:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ümumdünya Texnologiya Universitetinin Bakıdakı struktur bölməsinin rəhbəri Zülfi Babayev 2 il şərti cəza alıb və məhkəmə zalından azad edilib.
Azərbaycanda qanunsuz yolla universitetə tələbə qəbul etdirən professora hökm oxunub

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda qanunsuz yolla rəhbərlik etdiyi universitetə tələbə qəbul etdirməkdə ittiham olunan professora hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ümumdünya Texnologiya Universitetinin Bakıdakı struktur bölməsinin rəhbəri Zülfi Babayev 2 il şərti cəza alıb və məhkəmə zalından azad edilib.

İttihama görə, "Nab" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olan Zülfi Babayev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək üçün vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edib. O, dövlət qeydiyyatı və lisenziyası olmadan Moskva şəhərində yerləşən YUNESKO "Ümumdünya Texnologiya Universiteti"nin rəhbərliyi ilə aralarında bağlanmış 01 fevral 2008-ci il tarixli, 007-PI nömrəli müqaviləyə, həmçinin həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməyə əsaslanaraq, tədris kursları təşkil etmək adı altında Bakıda bu universitetin nümayəndəliyini yaradıb.

Babayev Azərbaycan ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah edərək, nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsilə tələbələr cəlb edərək, bu şəxslərə tələbə biletləri, imtahan kitabçaları verməklə müvafiq tədris işlərini həyata keçirib. O, qanunsuz fəaliyyət göstərən tədris müəssisəsindəki müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi gənclərdən 700 manat pul alıb. Bununla da külli miqdarda gəlir əldə edən Babayev, adıçəkilən şəxslərə külli miqdarda ziyan vurub.

Babayev ötən ilin martın 12-də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.2.3), qanunsuz sahibkarlıq (192.1), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1), vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti