...

Azərbaycanda uşaq hüquqları üzrə tədris layihəsi başa çatıb

Cəmiyyət Materials 21 May 2010 17:24 (UTC +04:00)
Azərbaycanda uşaq hüquqları üzrə tədris layihəsi Bakı şəhərindəki üç orta məktəbdə həyata keçirilib.
Azərbaycanda uşaq hüquqları üzrə tədris layihəsi başa çatıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanda uşaq hüquqları üzrə tədris layihəsi Bakı şəhərindəki üç orta məktəbdə həyata keçirilib.

"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi Təhsil Nazirliyi, insan hüquqları üzrə müvəkkil (ombudsman) və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib", - Trend-in məlumatına görə, cümə günü Təhsil Nazirliyində keçirilən tədbirdə ombudsman Elmira Süleymanova bildirib.

Süleymanovanın sözlərinə görə, layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub, eləcə də şagirdlər özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. Tədris prosesində "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" və "Uşaq hüquqları hamı üçün" adlı vəsaitlərindən istifadə olunub.

Layihə çərçivəsində Ombudsman Aparatında formalaşmış təlimçilər tərəfindən məktəblərdə proqram əsasında dərslər keçirilib.

"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi həmyaşıddan-həmyaşıda və ya yuxarı sinfin bir pillə aşağı sinfə uşaq hüquqlarını öyrənərək tədris etməsi uşaqların praktik-hüquqi biliklərə yiyələnməsi ilə bərabər, liderlik bacarıqlarının inkişaf etdirilməsi baxımından da uğurlu nəticələr verməkdədir", - tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib.

Layihədə fərqlənən şagirdlər, dərsin keçirilməsinə cəlb olunan müəllimlər, eləcə də təşkilati məsələlərin həllində yardımçı olan məktəb direktorları həvəsləndirici mükafatlarla və sertifikatlarla təltif olunublar.

Xəbər lenti

Xəbər lenti