Azərbaycan, Bakı, 22 may /Trend, A.Hüseynbala/
Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları əks etdirən fotoların Türkiyə ərazisində nümayişi nəzərdə tutulur.
"Türkiyə Qəzetəçilər Federasiyası ilə Azərbaycan Parlament Jurnalistləri Birliyi arasında əldə olunan razılaşmaya əsasən, 2010-cu il federasiya tərəfindən Qarabağ ili elan olunub. Bunun tərkib hissəsi kimi federasiya 2010-cu il ərzində Türkiyənin əksər bölgələrində "Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda" adlı sərgiyə start verib", - şənbə günü Trend-ə Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri Elşad Eyvazlı bildirib.
Eyvazlının sözlərinə görə, sərgi artıq Ankara, İzmir, Alanya, Adanada keçirilib. "Türkiyə Qəzetəçilər Federasiyasının genel başkanı Atilla Sertel deyib ki, bu ay ərzində sərgi Kapadokiya və Nevşeherdə keçiriləcək", - PJB rəhbəri vurğulayıb.
PJB-nin təşəbbüsü ilə Atilla Sertel başda olmaqla, Türkiyə Qəzetəçilər Federasiyasının nümayəndə heyətinin yaxın zamanlarda Azərbaycana səfəri gözlənilir.