...

Baş Prokurorluq polis zabitlərini qətlə yetirən şəxsin ömürlük həbs edilməsi ilə bağlı apelyasiya protestini geri götürüb

Cəmiyyət Materials 4 İyun 2010 17:34 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Baş Prokurorluğun Bakı şəhər sakini Sahib Həsənovun cəzasının ağırlaşdırılmasına dair apelyasiya protestini geri götürməsi ilə bağlı ərizəsi nəzərə alınaraq işin baxışdan çıxarılması barədə qərar qəbul olunub.
Baş Prokurorluq polis zabitlərini qətlə yetirən şəxsin ömürlük həbs edilməsi ilə bağlı apelyasiya protestini geri götürüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Bağırov/

Baş Prokurorluq iki polis zabitinin qətlində təqsirli bilinən şəxsin ömürlük cəzalandırılması ilə bağlı apelyasiya protestini geri götürüb.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Baş Prokurorluğun Bakı şəhər sakini Sahib Həsənovun cəzasının ağırlaşdırılmasına dair apelyasiya protestini geri götürməsi ilə bağlı ərizəsi nəzərə alınaraq işin baxışdan çıxarılması barədə qərar qəbul olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Həsənov cəzasının 7 ilini həbsxana rejimində çəkməklə, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir.

Müəyyən edilib ki, 2006-cı ildə Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, əvvəllər məhkum olunmuş Həsən Əzimov, İlham Quliyev, Sahib Həsənov və başqaları tərəfindən saxlanılıb.

Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu öldürüb, Həsən Əzimovu və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1, 120.2.3, 120.2.10, 120.2.10), quldurluq (181), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti