...

Azərbaycanda 7034 əcnəbi vətəndaş qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur

Cəmiyyət Materials 7 İyun 2010 16:45 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində deyib.
Azərbaycanda 7034 əcnəbi vətəndaş qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hazırda 7034 nəfər xarici ölkə vətəndaşı qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində deyib.

O bildirib ki, 2008 və 2009-cu illərdə bu rəqəm müvafiq olaraq 4250 və 5784 olub.

Azərbaycanda işləyən əcnəbilərin sayında ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artım olduğunu deyən idarə rəisi bildirib ki, bu artım yalnız ölkəyə gələnlərin sayının artması ilə bağlı deyil.

"Belə ki, son illər miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb, xüsusilə də əcnəbilərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilib. Bunun nəticəsi olaraq, qanunvericilikdə əvvəllər mövcud olan boşluqlar aradan qaldırılıb, ölkədə olma qaydalarının tələblərinin əcnəbilər tərəfindən yerinə yetirilməsinə nəzarət gücləndirilib", - Tağıyev bildirib.

O qeyd edib ki, qanunsuz olaraq əcnəbi işçi qüvvəsindən istifadəyə görə sanksiyaların sərtləşdirilməsi və aidiyyəti dövlət orqanları tərəfindən əcnəbilərin ölkədə olmalarına nəzarətin gücləndirilməsi Azərbaycanda işləyən əcnəbilərin əmək fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa vadar edib.

Tağıyevin sözlərinə görə, qanuni əsaslarla ölkəmizdə işləyən əcnəbilərin sayında mövcud olan artımın bir hissəsi də belə şəxslərin hesabına yaranıb.

İdarə rəisi deyib ki, hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrə genişmiqyaslı əmək miqrasiyası mövcud deyil və son illər əvvəllər xaricə getmiş şəxslərin geriyə qayıdışı halları da müşahidə olunur.

Əmək miqrasiyası kvotası müvafiq qaydalara uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 2010-cu il üçün əmək miqrasiyası kvotası 10700 nəfər müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti