...

Azərbaycanın bədən tərbiyəsi və idman üzrə əməkdar xadimi Bəhram Nərimanov vəfat edib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2010 18:01 (UTC +04:00)
Bu gün səhər Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika Gimnastika Federasiyasının vitse-prezidenti, gimnastika kafedrasının müdiri, professor Bəhram Əhməd oğlu Nərimanov 77 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azərbaycanın bədən tərbiyəsi və idman üzrə əməkdar xadimi Bəhram Nərimanov vəfat edib  (FOTO)

RED. əlav.: fotoşəkillər əlavə olunub

Bu gün səhər Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika Gimnastika Federasiyasının vitse-prezidenti, gimnastika kafedrasının müdiri, professor Bəhram Əhməd oğlu Nərimanov 77 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Həkimlər uzun müddət onun xəstəlikləri ilə inadla mübarizə aparsalar da, nəticəsi olmayıb. Ölümünə az qalmış o, beyin iflici keçirib.

Bəhram müəllim həyatı çox sevirdi. O, ömrünü sevimli işinə, akrobatikanın inkişafına həsr etmişdi. Daim gülümsər, bir qədər zarafatcıl və eyni zamanda, ciddi şəxs olan Bəhram müəllim sözünü yerində deməyi bacarır, elə sözlər tapırdı ki, onu dinləyir və inanırdılar.

Bu nurlu şəxsin, müdrik həmsöhbətin və öz sevimli işinin gözəl ustası olan insanın yeri daim görünəcək.

Bəhram Nərimanov 1934-cü il mayın 6-da Bakı şəhərində anadan olub.

О, 1957-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və həmin ildən əmək fəaliyyətinə institutun "Gimnastika və onun metodikası" kafedrasında müəllim, 1962-ci ildən baş müəllim və 1973-cü ildən vəfatınadək kafedra müdiri vəzifəsində çalışıb.

İşlədiyi dövrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Həmkarlar İttifaqının sədri (1973-1981-ci illər), pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.

B.Nərimanov 1957-ci ildən elmi fəaliyyətə başlayıb.1981-ci ildə Moskvada dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi, 1984-cü ildə dosent fəxri adlarına layiq görülüb. 1979-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin Bədən Tərbiyəsi və İdman Komitəsinin elmi-metodiki və fənn komissiyalarının üzvü olub. Onun 80-dən çox nəşr edilmiş elmi əsərləri, o cümlədən, gimnastika üzrə dərslikləri, tədris vəsaitləri və metodiki tövsiyələri var.

1995-ci ildə elmi və ictimai fəaliyyətinə görə, ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası professor fəxri adını verib.

Azərbaycan tarixində idman akrobatikası üzrə ilk "SSRİ idman ustası" (1958-ci il), "SSRİ-nin fəxri idman ustası" (1962-ci il) adlarına layiq görülmüş, SSRİ Həmkarlar İttifaqı Spartakiadasının (1957-ci il), SSRİ çempionatının (1958-ci il) mükafatçısı olub. O, dəfələrlə Ümumittifaq "Neftçi" İdman Klubu Mərkəzi Şurasının Azərbaycan Respublikasının (1952-1968) çempionu (16 dəfə) olub.

B.Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olmuş, saysız miqdarda SSRİ idman ustaları, Azərbaycan çempionları, SSRİ birinciləri və mükafatçıları hazırlamışdır. Ona bu nailiyyətlərinə görə 1962-ci ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi, 1964-cü ildə isə "SSRİ Bədən Tərbiyəsi və İdman Əlaçısı" fəxri adları verilib.

B.Nərimanov 1960-1972-ci illərdə və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri olub, hazırda isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti idi.

O, 1961-1990-cı illərdə SSRİ Akrobatika Federasiyasınını üzvü olub. 1993-cü ildə dünyada akrobatikanın inkişafında böyük rolunu nəzərə alaraq, Beynəlxalq İdman Akrobatika Federasiyası onu medal və diplomla təltif edib.

O, Ümumittifaq (1973-cü il) və beynəlxalq (1994-cü il) dərəcəli hakimdir.

Bəhram müəllim Azərbaycanda keçirilən gimnastika yarışlarında çıxışların quruluşu ilə də məşğul olurdu. 1991-ci ildə "Azərbaycanının bədən tərbiyəsi və idman üzrə əməkdar xadimi" fəxri adına layiq görülmüşdü.

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına verdiyi töhfələrə görə, Bəhran Nərimanov prezidentin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmiş və "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Bəhram Əhməd oğlu Nərimanov əmək və idman veteranı, XXI əsr ziyalılarının tanınmış nümayəndəsi idi.

Allah rəhmət eləsin!

Azərbaycan Gimnastika Federasiyası

Xəbər lenti

Xəbər lenti