...

Azərbaycanda narkotika cinayətində ittiham edilən baş redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub

Cəmiyyət Materials 6 İyul 2010 14:41 (UTC +04:00)
Azərbaycanda narkotika cinayətində ittiham edilən və hazırda həbsdə olan baş redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda narkotika cinayətində ittiham edilən baş redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda narkotika cinayətində ittiham edilən və hazırda həbsdə olan baş redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı şəhərinin Qaradağ Rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayev barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayevə hökm oxunub. Məhkəmənin qərarı ilə Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərarın icrası 6 iyun 2010-cu il tarixindən hesablanacaq. Məhkəmənin qərarına əsasən, məhkumun üzərindən tapılmış narkotik maddə məhv ediləcək, onun maddi sübut kimi götürülmüş paltarı isə özünə qaytarılacaq. Fətullayev qərardan apelyasiya şikayəti verəcəyini açıqlayıb.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Sonradan baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fətullayevin üzərindən 0,223 qram həcmində heroin aşkarlanıb. Bu faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

İş üzrə təyin edilmiş ekspertizanın rəyinə görə, istintaq zamanı Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-m psixotrop maddəsi aşkar edilib.
Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizanın rəyinə görə, təqsirləndirilən şəxs Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadəetmə halları nəzərə alınaraq, narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Xəbər lenti

Xəbər lenti