...

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə qərar qəbul edib

Cəmiyyət Materials 29 İyul 2010 18:09 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı daha bir iş üzrə - Cəfərli və başqalarının Azərbaycana qarşı işi üzrə qərarını açıqlayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə qərar qəbul edib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı daha bir iş üzrə - Cəfərli və başqalarının Azərbaycana qarşı işi üzrə qərarını açıqlayıb.

Hüquq Maarifçiliyi Cəmiyyətindən Trend-ə verilən məlumata görə, ərizəçilər - Cəfərli Səfərəli, Validə Bağırzadə və Elçin Cəfərov qanuni qüvvəyə minmiş 9 iyul 2002-ci il tarixli məhkəmə qərarının icra edilməməsi ilə onların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər.

İşə baxan Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (9 iyul 2002-ci il tarixli məhkəmə qərarının icra edilməməsi) üzrə qəbuledilən, qalan hissələr üzrə isə şikayəti qəbuledilməyən elan edib.

Avropa Məhkəməsi, həmçinin ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarının pozulduğu barədə qərar qəbul edib.

Məhkəmə şikayətin əlavə olaraq Konvensiyanın 13-cü maddəsi üzrə araşdırılmasına ehtiyac olmadığını bildirib. Avropa Məhkəməsi həmçinin qeyd edib ki, ərizəçilər Məhkəmə qaydalarının 60-cı bəndinə uyğun olaraq əvəzin ədalətli ödənilməsi barədə heç bir iddia irəli sürməyiblər və buna görə də Məhkəmə hesab edir ki, bununla bağlı onlara hər hansı məbləğin ödənilməsinə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti