...

Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir – dilçi alim Nizami Cəfərov

Cəmiyyət Materials 1 Avqust 2010 09:00 (UTC +04:00)
Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir. Həm müxtəlif sahələrdə, həm ümumi danışıq dili səviyyəsində, həm də elmi, bədii, rəsmi dil səviyyəsində Azərbaycan dili son illər xüsusilə inkişaf edib. Bu barədə filologiya elmləri doktoru, professor Nizami Cəfərov "1 avqust: Azərbaycan dili və Azərbaycan əlifbası günü" ilə bağlı Trend-ə verdiyi açıqlamasında bildirib.
Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir – dilçi alim Nizami Cəfərov

Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir. Həm müxtəlif sahələrdə, həm ümumi danışıq dili səviyyəsində, həm də elmi, bədii, rəsmi dil səviyyəsində Azərbaycan dili son illər xüsusilə inkişaf edib. Bu barədə filologiya elmləri doktoru, professor Nizami Cəfərov "1 avqust: Azərbaycan dili və Azərbaycan əlifbası günü" ilə bağlı Trend-ə verdiyi açıqlamasında bildirib.

"Azərbaycan dili sözün həqiqi mənasında müstəqil bir dövlətin dili olub. Azərbaycan dilinin ən çox inkişaf etdiyi sahə publisistikadır, mətbuatın və kütləvi informasiya vasitələrinin dilidir. Bu baxımdan müstəqilliyimiz elan olunduqdan sonra Azərbaycan dilinin çox demokratik inkişaf imkanı yarandı. Bununla da cəmiyyət bütövlükdə mətbuatla əlaqədar oldu. Əvvəllər mətbuat yalnız peşəkarlar üçün idisə, indi artıq ən sıravi azərbaycanlı da mətbuatda, televiziyada danışa, öz uğurlarından söhbət aça bilir və yaxud öz fikrini, mülahizəsini nə qədər subyektiv olsa da bildirir", - Cəfərov əlavə edib.

Ümummilli lider Heydər Əliyev 9 avqust 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzaladı. Fərmana əsasən artıq neçə illərdir ki, Azərbaycan xalqı 1 avqust tarixini özünün qiymətli mənəvi sərvəti olan - "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd edir.

"Dövlətimizin Azərbaycan dili sahəsində mükəmməl bir siyasəti formalaşıb ki, bu da olduqca vacibdir. Biz dilimizi qorumaqla bağlı bir çox işlər görmüşük. Ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü işləri xüsusilə vurğulamaq istəyirəm. 2001-ci ildə qəbul olunmuş dövlət dilinin inkişafı ilə əlaqədar olan məhşur fərman ölkə daxilində Azərbaycan dilinin inkişafı üçün geniş siyasi və ideoloji imkanlar açdı", - Cəfərov deyib.

Onun sözlərinə görə, qeyd olunanların hamısı Azərbaycan ədəbi dili ilə cəmiyyətin təfəkkürü, maraqları və vərdişləri arasındakı əlaqələri sıxlaşdırıb. "Müstəqilliyə qədər belə deyildi. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünyanın inkişaf etmiş dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, bu da həddindən artıq vasitəli əlaqə idisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır", - Cəfərov qeyd edib.

Dilçi alim Azərbaycan dilində əcnəbi sözlərin işlənməsinə də münasibət bildirib.

"Əcnəbi sözlərin dilimizdə işlənməsi ilk növbədə Azərbaycan dilinin inkişafına xidmət edir. Yəni dilin inkişafının bir göstəricisi dilin öz daxili imkanlarıdırsa, cəmiyyətin təfəkkürünün inkişafıdırsa, digər çox mühüm inkişaf imkanlarından biri də başqa dillərlə əlaqəsidir. Hətta elə nəzəriyyələr var ki, dillər başqa dillərlə əlaqədə inkişaf edir. Yəni bu kontaktlı əlaqə sistemi, şəbəkəsi olmasa, dillərin inkişafı mümkün deyil. Xüsusilə, bugünkü mərhələdə, qloballaşan dünyada istər-istəməz buna ehtiyac var", - Cəfərov bildirib.

Onun sözlərinə görə, dilimizə əcnəbi sözlərin daxil olmasının mənfi cəhətləri də müşahidə olunur.

"Müxtəlif sözlərin ifadə formalarının dilimizə daxil olması 70 faiz dilin xeyrinədir, amma 30 faizinə nəzarət etmək lazımdır: bu və ya digər sözün boş yerə işlənməsi, sözün dildə qarşılığı olduğu halda, onun yerinə başqa söz gətirilməsi və yaxud dəqiq olmayan, yayğın olan sintaktik konstruksiyaların işlənməsi və s. Azərbaycan dili üçün həmişə belə olub ki, Azərbaycan danışıq dilində rus sözləri çox işlənib, ancaq yazı dilinə bu sözlər keçməyib. Bugünkü dünya "danışan dünya" olduğuna görə, istər-istəməz danışıq dili önə keçir. Əgər bir vaxtlar biz televiziyalarda, radiolarda əvvəlcə yazıb, sonra yazdığımızı oxuyurduqsa, indi yazılı mətbuata fikir versəniz görərsiniz ki, danışıq dili xüsusiyyətləri daha çoxdur. Bu da istər-istəməz yazı dili ilə danışıq dili arasındakı əlaqələrin sıxlaşmasına, bəzən də danışıq dilindən yazı dilinə dilin normalarına uyğun olmayan və dili çirkləndirən normaların, konstruksiyaların daxil olmasına gətirib çıxarır. Bəlkə də əsas bu deyil. Əsas odur ki, danışıq dilinin özü xüsusi əhəmiyyət kəsb etdiyinə görə, danışıq dilinin özündə də bir zamanlar işlənən "voobşe", "zato" və s. tipli sözlərin çoxunu televiziya dilində də eşidirik. Bu cür elementlər dili çirkləndirir. Yerdə qalan müəyyən anlayışlar var ki, dilin inkişafına xidmət edir. Necə demək olar ki, "paritet" sözünü qəbul etməyək, onun yerinə "bərabərlik" işlədək", - Cəfərov qeyd edib.

Dilçi alim son zamanlar digər türkdilli xalqların istifadə etdiyi sözlərin dilimizə keçməsi barədə də danışıb.

"Türkcədən son zamanlar dilimizə bəzi sözlər keçir. Bunların bəzisinə ehtiyac yoxdur, lakin mütləq əksəriyyətinə ehtiyac var. "İmic", "eksklüziv" kimi sözlərin keçməsi təbiidir. Bunlara qarşı çıxmaq da lazım deyil, çünki bu sözlər özləri ilə yeni anlayışlar və yaxud başqa anlayışın çalarlarını gətirir, emosiyasını gətirir, ekzotikasını gətirir. Beynəlxalq düşüncə standartını gətirir. Ona görə də dilə yeni sözlərin daxil olması vacibdir", - Cəfərov bildirib.  

Cəfərov bütün türk xalqları üçün ortaq dilin yaradılması ilə bağlı da açıqlama verib.

"Ciddi mütəxəssislər ortaq türk dilini artıq yaradılmış hesab edirlər. Burada söhbət dünyanın bütün türkləri üçün ortaq ola biləcək ünsiyyət vasitəsindən gedir. Əvvəl belə bir fikir var idi ki, müxtəlif türk dilləri əsasında xüsusi seçmə yolu ilə sözlər, ən çox təkrar olunan cümlələr, cümlə modelləri və fonetik variantlar seçilsin. Bunların əsasında süni bir dil yaradılsın. Bunu xüsusilə Özbəkistan alimləri təklif etmişdilər və bu da linqvistik, dil ehtiyacından yox, daha çox siyasi-ideoloji baxımdan belə düşünülmüşdü. Yəni bu və ya başqa bir türk dili ortaq ünsiyyət vasitəsi olacaqsa, yerdə qalan türk xalqları inciyəcəklər. Belə bir konnektur prinsip əsasında bu da nəzərdə tutulmuşdu ki, mütləq müxtəlif türk dilləri, hətta sayca ən az insanın danışdığı Xakas, Şor, Tuva tipli dillərdən də sözlər seçilsin. Amma bu məsələ özünü doğrultmadı. İstənilən müzakirələrdə də, türk xalqlarının qurultaylarında da, dilçilik konqreslərində də bu barədə fikir artıq dəqiqləşib. Tükiyə türkcəsi artıq bu funksiyanı həyata keçirir", - Cəfərov deyib.

Onun sözlərinə görə, müxtəlif türkdilli xalqlar arasında Türkiyə türkcəsi artıq ümumi ünsiyyət vasitəsidir.

"Biz qazaxlarla, qırğızlarla, özbəklərlə danışanda daha çox Türkiyə türkcəsindən istifadə edirik. Türkiyə türkü, azərbaycanlı və yakut varsa, onlar arasında ortaq ünsiyyət vasitəsi kimi daha çox Türkiyə türkcəsi istifadə olunur. Amma başqa bir cəhət də var ki, biz o fikirdə deyilik ki, xüsusi milli bir aqressiya ilə rus dilini aradan çıxardaq. Çünki dünyada mövcud olan türkdilli xalqların mütləq əksəriyyəti rus dilini bilir. Hələlik ortaq ünsiyyət vasitəsi kimi rus dilindən də istifadə olunur. Gələcəkdə bura ingilis dili də əlavə olunacaq. Amma daha milli hadisə kimi bir xeyli səbəblərdən - əhalinin sayı, dilin inkişafı, dilin hansı dillərlə əlaqədə olmaq imkanı məsələsini nəzərə alanda Türkiyə türkcəsi türkdilli xalqlar arasında ortaq ünsiyyət vasitəsi kimi daha məqbuldur", - Cəfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti