...

YUNESKO-nun baş direktoru Şəkidə olub

Cəmiyyət Materials 1 Avqust 2010 15:55 (UTC +04:00)

Azərbaycanda səfərdə olan YUNESKO-nun Baş direktoru xanım İrina Bokova avqustun 1-də Şəki şəhərində olmuşdur. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Şəhərlə tanışlıq "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayından başlamışdır. Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı xanım İrina Bokovanı sarayın həyətində mehribanlıqla qarşılamışdır. İcra başçısı qonağa Şəkinin tarixi, mədəniyyəti, qədim sənətkarlıq ənənələri, iqtisadiyyatı barədə məlumat vermişdir.

Sonra YUNESKO-nun təmsilçisi sarayla tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Şəki xanlarının sarayı XVIII əsrə aid olan nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır.

Saray xanım İrina Bokovanın böyük marağına səbəb olmuşdur. O, sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etmişdir. Sonra qonaq sarayın həyətində çay süfrəsi arxasında şəhər 3 nömrəli uşaq musiqi məktəbi kollektivinin hazırladığı qısa konsert proqramını izləmiş, sarayın önündə uşaqlarla xatirə şəkli çəkdirmişdir.

Xanım İ. Bokova daha sonra Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət etmişdir. Qonağa məlumat verilmişdir ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il əvvəl tikilən ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Qonaqlar bölgənin ən iri sənaye müəssisəsi olan "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinə gəlmiş, müəssisədə istehsal olunan müxtəlif ipək parça, xalça, kəlağayı və digər məhsullardan ibarət sərgi ilə tanış olmuşlar.

Daha sonra xanım İ. Bokova "Yuxarı Karvansara" mehmanxana kompleksində olmuşdur. Qonağa məlumat verilmişdir ki, XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa olunan bu kompleks "Yuxarıbaş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir, ümumi sahəsi 6 min kvadratmetrdir. Karvansara Şərq memarlığı üslubunda tikilmişdir. Kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olardılar. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.

YUNESKO-nun Baş direktoru xanım İrina Bokova Şəkidən zəngin və xoş təəssüratla ayrılmışdır.

Xəbər lenti

Xəbər lenti