...

Azərbaycanda qanunsuz yaşayan 871 əcnəbi ölkə ərazisindən çıxarılıb

Cəmiyyət Materials 3 Sentyabr 2010 12:29 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay Azərbaycanda qanunsuz yaşayan 871 əcnəbi ölkə ərazisindən çıxarılıb.
Azərbaycanda qanunsuz yaşayan 871 əcnəbi ölkə ərazisindən çıxarılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Bağırov/

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay Azərbaycanda qanunsuz yaşayan 871 əcnəbi ölkə ərazisindən çıxarılıb.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, 733 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 138 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması haqqında qərarlar qəbul edilib.

Avqust ayında keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 1112 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 241 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Ötən dövr ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3657 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti