Rusiya, Moskva, 22 sentyabr /Trend, xüsusi müxbir Y.Kriştalyov/
Azərbaycanlı gimnast Aliyə Qarayeva bədii gimnastika üzrə Dünya Çempionatında əldə olunan uğura qədər uzun yol keçib. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində Ümumrusiya Gimnastika Federasiyasının prezidenti, bədii gimnastika üzrə Azərbaycan yığmasının məsləhətçisi İrina Viner bildirib.
"O, Avropa mükafatçısı olub və bu gün dünya birinciliyində onun ip və halqa ilə oyunda bürünc medal qazanması qanunauyğundur. Qarayeva yaşa dolmuş, yetkin gimnastdır. Mən hesab edirəm, onun idmanda qalması, bu cür yüksək səviyyədə, özü də belə gözəl çıxış etməsi çox yaxşıdır. O heç vaxt fasilə verməyib, həmişə məşq edir və daim təkmilləşir", - Viner bildirib.
Çərşənbə axşamı Moskvadakı "Olimpiya" İdman Kompleksində final yarışlarının ip və halqa ilə oyunları keçirilib. Azərbaycan nümayəndəsi Aliyə Qarayeva hər iki növdə çıxış edib. Halqa ilə oyunda o, 27.650 xal toplayaraq üçüncü yeri tutub.
Vinerin sözlərinə görə, Aliyə Qarayevanın əldə etdiyi nəticələr ildən-ilə daha da yaxşılaşır.
"Biz bu gün Ukraynadan Natalya Qodunkonun birillik fasilədən sonra necə çıxış etdiyini müşahidə etdik və bu artıq o deyildi. Amma Qodunko ilə eyni yaşda olan Aliyə getdikcə daha da yaxşı olur. Onun tullanmaları daha hündür olub və ümumilikdə, çox səlisdir. Onun bugünkü çıxışından çox razıyam, gələcək yarış və finallarda daha yaxşı iştirak edəcəyinə ümid edirəm. Bədii gimnastika kimi qadın idman növündə, ümumilikdə, idman hərəkatına çox ciddi və həyəcanla yanaşıldığı Azərbaycan Bayrağının qalxması mənə çox xoşdur", - İrina Viner deyib.
Viner Azərbaycan Gimnastika Federasiyasının və onun prezidenti Mehriban Əliyevanın Azərbaycanda qadın bədii gimnastikasının inkişafındakı rolunu qeyd edib.
"Onlar uşaqlar üçün mümkün olandan daha çox iş görülməsi, idmançıların sadəcə olaraq, yarışlarda iştirak etməsi deyil, onların medal uğrunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaları üçün əllərindən gələni edirlər. Bu mənada, əldə olunan medal idmançının qarşıya qoyulan tapşırıqlara, resurslara obyektiv və dolğun cavabıdır", - Ümumrusiya Gimnastika Federasiyasının prezidenti bildirib.