...

Azərbaycan məişət zorakılığı haqqında qanunu qəbul etməklə, gender bərabərliyinə dair öhdəlikləri yerinə yetirir - ATƏT nümayəndəsi (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2010 13:17 (UTC +04:00)
Azərbaycan məişət zorakılığı haqqında qanunu qəbul etməklə, gender bərabərliyinə dair öhdəlikləri yerinə yetirir
Azərbaycan məişət zorakılığı haqqında qanunu qəbul etməklə, gender bərabərliyinə dair öhdəlikləri yerinə yetirir - ATƏT nümayəndəsi (ƏLAVƏ OLUNUB) (FOTO)

RED: əlavəsi: Cəmilə Seftavinin fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul etməklə, gender bərabərliyinə dair öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb, - Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda ATƏT-in gender məsələləri üzrə baş müşaviri Cəmilə Seftavi keçirdiyi mətbuat konfransında deyib.

"Qadınlara qarşı zorakılıqla mübarizədə hərtərəfli yanaşmanın sərgilənməsi və bu qanunun icrası onların fundamental hüquqlarını və təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir", - baş müşavir deyib.

Seftavinin sözlərinə görə, ATƏT ümid edir ki, bu vacib qanunvericilik sənədi tezliklə icra olunacaq.

Seftavi bildirib ki, gender bərabərliyi ATƏT-in təhlükəsizlik mandatında əhəmiyyətli yer tutan fundamental insan hüququ və dəyəridir.

"Buna görə də zorakılıq qurbanlarının qorunması və təcavüzkarların mühakimə olunması üçün dayanıqlı mexanizmlərin hazırlanması vacibdir. Cəmiyyət müstəvisində qadın hüquqları və gender bərabərliyinin təşviqinin daha da sürətləndirilməsi üçün vətəndaş cəmiyyətinin təşəbbüsləri də önəmlidir", - ATƏT rəsmisi deyib.

Seftavi Azərbaycana dördgünlük səfər edib. Səfər zamanı o, DİN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi inkişaf Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

Qadın hüquqlarının önə çəkilməsi, onların iqtisadi imkanlarının təşviq edilməsi, ayrı-seçkilik və zorakılığın istənilən formasından qorunma görüşlərin əsas müzakirə mövzusu olub.


Seftavi deyib ki, polis orqanlarında qadın polis əməkdaşlarının sayının artırılmasına ehtiyac var.

"Bu fikirlə bütün dövlət orqanları razı olsalar da, bunun icrasında çətinliklər, problemlər var. Lakin deməzdim ki, bu, qeyri-mümkündür. Buna nail olmaq üçün iki strategiya, yanaşma zəruridir", - ATƏT nümayəndəsi deyib.

Onun sözlərinə görə, qısa və ortamüddətli strategiya çərçivəsində polisdə çalışan qadın əməkdaşlara qanunun icra edilməsi səlahiyyətlərini vermək lazımdır.

"Yəni polis orqanlarında katiblikdə, kadrlar şöbəsində işləyən qadın polisləri qanunun icrasına cəlb etmək lazımdır. Ikinci strategiyada isə gənc qadınları polisdə işləməyə cəlb etmək lazımdır. Onların polis əməkdaşı olmalarından şərəf duymaları üçün əlverişli iş şəraiti yaradılmalıdır. Əgər əlverişli şərait yaradılarsa, qadınların polisdə işləmək marağı artacaq və polis sıralarında işləyən qadınların ayrı-seçkiliyə məruz qalmamaları üçün Davranış Məcəlləsi qəbul edilməlidir", - Seftavi əlavə edib.

Xəbər lenti

Xəbər lenti