...

Gənc alimlər üçün YUNESKO tərəfindən tədqiqat təqaüdləri üzrə müsabiqə elan edilib

Cəmiyyət Materials 20 Oktyabr 2010 16:05 (UTC +04:00)
YUNESKO Keyzo Obuçi layihəsi çərçivəsində növbəti tədqiqat təqaüdləri üzrə müsabiqə elan edib.
Gənc alimlər üçün YUNESKO tərəfindən tədqiqat təqaüdləri üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

YUNESKO Keyzo Obuçi layihəsi çərçivəsində növbəti tədqiqat təqaüdləri üzrə müsabiqə elan edib. Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi İnternet-saytına istinadən verdiyi məlumata görə, sözügedən layihə YUNESKO və Yaponiya hökuməti tərəfindən həyata keçirilir.

Sayca 11-ci olan builki müsabiqədə, əsasən, informasiya-kommunikasiya texnologiyaları üzrə magistr tədqiqatları üstünlük təşkil edir. Bundan əlavə, proqram çərçivəsində ətraf mühit (xüsusilə, su elmlərinə diqqət veriləcək), mədəniyyətlərarası dialoq və münaqişələrin sülh yolu ilə nizamlanması üzrə magistr tədqiqatları istiqamətlərinə də diqqət veriləcək.

10 000 ABŞ dolları civarında olan təqaüd xarici təhsil müəssisələrində 3-9 ay ərzində araşdırma aparan tədqiqatçılara ayrılacaq.

Yaş həddi 40-ı ötməyən, magistr dərəcəsinə malik olan namizədlər (qadın namizədlərə üstünlük verilir) müraciət edə bilərlər.

Əlavə məlumat üçün AMEA-nın Xarici əlaqələr şöbəsinə müraciət etmək olar.

Müsabiqə Yaponiyanın keçmiş Baş naziri Keyzo Obuçinin xatirəsinə ithaf edilib.

Xəbər lenti

Xəbər lenti