...

Məqsədim ən gənc qrossmeyster olmaqdır – Azərbaycanın səkkiz yaşlı dünya çempionu (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2010 10:47 (UTC +04:00)
8 yaşında Şahmat üzrə dünya çempionu olmuş, ikiqat Azərbaycan və Avropa çempionu Abdulla Qədimbəylinin Trend-ə müsahibəsi
Məqsədim ən gənc qrossmeyster olmaqdır – Azərbaycanın səkkiz yaşlı dünya çempionu (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir T.Hacıyev/

8 yaşında Şahmat üzrə dünya çempionu olmuş, ikiqat Azərbaycan və Avropa çempionu Abdulla Qədimbəylinin Trend-ə müsahibəsi

- Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında keçirilən dünya birinciliyində qızıl medal qazanacağına inanırdınmı?

- İlk dəfə 6 yaşımda Vyetnamda keçirilən şahmat üzrə beynəlxalq yarışda iştirak etmişəm. Yunanıstanda üçüncü dəfə idi ki, dünya çempionatında iştirak edirdim. Ötənilki dünya çempionatında ikinci yerə çıxmışdım. Bu il də Avropa çempionluğunu qazanaraq ikiqat Avropa çempionu oldum. Bu il isə dünya çempionu ola bildim. Builki dünya çempionatında 179 ölkə iştirak edirdi. Bütün öndə gələn şahmat ölkələri bu yarışmada iştirak edirdi. Yarış çox gərgin keçdi. Axırıncı tura kimi qalib məlum olmamışdı. Yalnız sonuncu turda mən rəqibimə qalib gələrək çempion oldum. Həmin yarışda heç məğlub olmadım. On bir oyundan 9,5 xal yığıb birinci yeri tutdum. Azərbaycan ümumi hesabda üç qızıl medal alaraq 179 ölkə arasında birinci yeri tutdu.

Həm Avropa, həm də dünya çempionu olmaq hər idmançıya qismət olmur. Ancaq iki yarış ard-arda olduğuna görə mən həm Avropa, həm də dünya çempionu oldum.

- Dünya birinciliyində hansı oyun üslubundan istifadə edirdin?

- Çempionatda hər oyunun öz üsulu var idi. Amma taktika, üslub o qədər də vacib deyildi. Əsas oynamaq, udmaq və qızıl medal gətirmək idi. Dünya çempionatı Avropa çempionatı ilə müqayisədə çox ağır idi. Bu oyunlarda bilik də azlıq edirdi. Güclü dözümlülük olmalı idi ki, oyunu axıra qədər çatdıra biləsən. Elə oyun var idi üç, eləsi var idi beş saat çəkirdi. Ukrayna təmsilçisi ilə oyun isə altı saata yaxın çəkdi. Bu qədər şahmat oynamaq çox çətin idi. Ancaq mən bacardım və bu oyunu da uddum. Bütün bu çətinlikləri keçdim və qalib oldum.

Ən çətin oyun isə Vyetnam təmsilçisi ilə oldu. Hamı bu oyuna Avropa ilə Asiya şahmatçıları arasında oyun kimi baxırdı. Çünki o, Asiya çempionu olmuşdu, mən isə Avropa çempionu idim. Vyetnam nümayəndəsinə də qalib gəldim.

Orada elə ölkələrin təmsilçiləri var idi ki, Azərbaycanı heç tanımırdılar. Onlara qəribə gəlirdi ki, Azərbaycan haradadır ki, oradan belə şahmatçılar gəlir. Yüzlərlə adamın içində gəlib birinci olmaq çətin idi. Biz İsveçrə sistemi ilə oynayırdıq. Bu sistemdə hər dəfə udduqca, daha çətin və güclü rəqiblə qarşılaşmalı olursan.

- Şahmat oynamağa nə vaxtdan başlamısan?

- Dörd yaşım olanda atam böyük qardaşıma şahmat oynamağı öyrədirdi. Mən də kənardan onlara baxıb öyrənirdim. Atamın ağlına da gəlmirdi ki, mən kənardan baxmaqla belə öyrənə bilərdim. Bir dəfə mən də atamla şahmat oynadım. O gördü ki, mən bu oyunu yaxşı bacarıram. Ona görə də məni şahmat məktəbinə yazdırdı. Ondan sonra başladım şahmat oynamağa.

- Bəs şahmat oynamaq sənin məktəbdəki dərslərinə mane olmur ki?

- İndi mən üçüncü sinifdə oxuyuram. Birinci və ikinci siniflərdə bütün fənlərdən əla qiymətlər almışam. Mən istəmirəm ki, şahmat oynamağım dərslərimə mane olsun. Dərslərimi də yaxşı oxumağa çalışıram.

- Artıq Dünya çempionu olmusan. Bundan sonrakı hədəflərin nədir?

- Qarşıda İran, Bolqarıstan və Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turnirlər olacaq. O turnirlərdə də iştirak edib, uğur qazanmaq istəyirəm. Tək bu il yox, gələn il də, ondan sonrakı il də dünya çempionu olmaq istəyirəm. Gələcəkdə böyüklər arasında da dünya çempionu olmaq arzusundayam. Amma əsas məqsədim ən gənc qrossmeyster olmaqdır. İndidən belə davam etsəm, gərgin işləsəm, gələcəkdə ən gənc qrossmeyster ola bilərəm. Bunun üçün çoxlu yarışlarda iştirak edib uğur qazanmaq lazımdır. İnanıram ki, bu yarışlar bacarığımın artmasına kömək edəcək. Mən 6 yaşımda 1-ci dərəcəli şahmatçı olmuşam. Sonra ustalığa namizəd balını doldurmuşam və ustalığa namizəd olmuşam. Bu çempionatda birinci yer tutduğuma görə FIDE ustası adını almışam.

Xəbər lenti

Xəbər lenti