...

Azərbaycanda ekologiya ilə bağlı beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 11 Noyabr 2010 13:43 (UTC +04:00)
Azərbaycanda "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Azərbaycanda ekologiya ilə bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tədbir zamanı jurnalistlərə bildirib ki, Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması ilə bağlı çox işlər görülür. "Məhz bu artan xəttin məntiqi davamı kimi cari il "Ekologiya ili" elan edilib və artıq bütün xalq bu problem ətrafında düşünməyə cəlb edilib", - Bağırov bildirib. Nazirin sözlərinə görə, hər bir vətəndaş ətraf mühitlə bağlı hansı işləri görə biləcəyini düşünməlidir. "Bu işlərdə gənclərin rolunu müəyyənləşdirmək çox vacibdir", - Bağırov deyib.

"Ekologiyanın sağlam olması evimizin, vətənimizin sağlam olmasıdır, gənclər də bu vətənin gələcəyi olduğu üçün bu tədbirin iştirakçıları məhz onlardır", - tədbir zamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, konfrans çərçivəsində gənclər mövzü ətrafında fikir, xaricdən gələn həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar və gələcək fəaliyyət üçün müəyyən nəticələr əldə olunacaq. Babayev bildirib ki, tədbir vasitəsilə Azərbaycanda ekologiya ilə bağlı görülən işlər haqqında dünya ictimaiyyətinə məlumat veriləcək.

Azərbaycanın Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BMT Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə noyabrın 11-12-də keçirilən tədbirin məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV
nümayəndələrinin yalnız təbiətin qorunması məsələsində deyil, həmçinin, yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, onları iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir.

Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və bakalavrlar, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2010-cu il "Ekologiya ili" elan edilib.

Xəbər lenti

Xəbər lenti