RED. əlav.: Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub
Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" şüarı ilə aksiya keçirilib.
Cümə günü keçirilən aksiyada Bakı və Azərbaycanın rayonlarından olan orta məktəb şagirdləri və onların valideynləri iştirak edib.
Aksiya iştirakçıları keçmiş "Qarabağ" mehmanxanasının qarşısından Təhsil Nazirliyinin binasına qədər yürüş ediblər. Aksiyada "Hicaba azadlıq!", "Allahu-Əkbər!" şüarları səsləndirilib.
Etirazçılar nazirliyin qarşısından keçən yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Azərbaycanda orta məktəblərdə şagirdlərin hicab geyinməsinə qadağa qoyulub. Təhsil naziri Misir Mərdanov daha öncə jurnalistlərə açıqlamasında bildirib ki, şagirdlərin orta məktəblərə vahid məktəbli forması ilə gəlməsi barədə qərar var və hamı bu qərara tabe olmalıdır.
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev Trend-ə bildirib ki, qanunsuz aksiya iştirakçılarından təxminən 12 nəfər saxlanılıb və onlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, bir qrup aksiya iştirakçısı polisə müqavimət göstərib.
Onun sözlərinə görə, həmin şəxslərdən on altı nəfər polis bölməsinə gətirilib. Saxlanılanlardan beşi xəbərdarlıq edilərək sərbəst buraxılıb.
On bir nəfərlə bağlı toplanmış materiallar isə barələrində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.