RED: əlavəsi: şəkillər əlavə olunub
Azərbaycan, Bakı, 13 dekabr /Trend Life, müxbir Eldar Hüseynzadə/
Dünya kinematoqrafiyasının superulduzu Jerar Depardye bu gün səhər Fəxri Xiyabanı ziyarət edib, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsini yad edib və onun məzarı önünə əklil qoyub. Jerar Depardye, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı önünə gül dəstəsi qoyub.
Sonra fransalı aktyor Şəhidlər Xiyabanını ziyarət edib və Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların "Əbədi məşəl" abidəsi önünə güllər qoyub.
Daha sonra Jerar Depardye Azərbaycan paytaxtını gəzib və öz heyranlığını ifadə edib. O, xüsusilə onu müşayiət edən şəxslərdən Bakıda gedən tikinti işləri barədə soruşub.
"Mən sadəcə olaraq valeh olmuşam, heyranedicidir", - Depardye deyib.
Bakıda olduğu müddətdə fransız kinosunun superulduzu Jerar Depardye üçün xüsusi proqram hazırlanacaq və o, bir neçə gün burada olacaq.
Jerar Depardye Bakıya IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib və bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasından əvvəl çıxış edəcək. O, Prosper Merimenin "Karmen" novellasından seçilmiş parçalar oxuyacaq.
Bu gün IV Beynəlxalq Rostropoviç festivalı çərçivəsində Opera Mərkəzinin solisti Qalina Vişnevskayanın iştirakı ilə J.Bizenin "Karmen" tamaşası göstəriləcək.
Əsaş partiyaları məşhur müğənnilər, beynəlxalq müsabiqələrin laureatları Alina Şakirova (Karmenin partiyası), Oleq Dolqov (Xozenin partiyası), Anastasiya Privoznova (Mikaellanın partiyası), eləcə də həmvətənimiz, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilionun partiyası) ifa edəcəklər.
Operaya Rusiyanın məşhur dirijoru Yaroslav Tkalenko dirijorluq edəcək. Tamaşanın quruluşçu-rejissoru isə İvan Popovskidir.
Festival dekabrın 12-dən 19-dək Heydər Əliyev Fondunun, Rostropoviç Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilir.